30 yaşlı doğma kollektivə ürək sözü

Mədəniyyət sahəsinə bağlı olan ailədə dünyaya göz açmışam. Atam və əmim 10 ilə yaxın musiqi müəllimi kimi fəaliyyət göstəriblər. Deyirlər, övlad ailədə gördüyünü götürər. Mən də kiçik yaşlarımdan mədəniyyət yönlü fəaliyyət sahəsini seçəcəyimi düşünürdüm.  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olunmağım məni arzularıma daha da yaxınlaşdırırdı. Tələbəlik dövründə mədəniyyətlə bağlı nəşrləri, o cümlədən “Mədəniyyət” qəzetini oxuyurdum. Nə gizlədim, nə zamansa bu qəzetdə çalışmaq da fikrimdən keçirdi...

Artıq universiteti bitirirdim. Diplom işini təhvil vermişdim. Bir gün “Mədəniyyət” qəzeti redaksiyasına üz tutdum. Baş redaktorun qapısını döydüm. Baş redaktor mədəniyyətin hansı sahəsinə maraq göstərdiyimi soruşdu, qəzetin iş prinsipi, əhatə etdiyi sahələr barədə məlumat verdi. Mən də ali təhsil aldığım ixtisas üzrə – kitabxana və nəşriyyat işi sahəsinə bələd olduğumu və daha çox bu istiqamətdə yazmaq istədiyimi bildirdim. Bir müddət sərbəst yazılar yazdım, tədbirlərdən informasiya hazırladım. Beləcə, mən də “Mədəniyyət” kollektivinin üzvü oldum.

2019-cu ilin 31 may tarixini heç vaxt unutmayacağam. Həmin gün müxbir kimi ilk dəfə bir tədbirə gedirdim. Heç ağlıma gəlməzdi ki, qəzet üçün ilk yazım böyük satirik şair və maarifpərvər Mirzə Ələkbər Sabirlə bağlı olacaq. Bir gün əvvəl şairin doğulduğu Şamaxıda ənənəvi Sabir poeziya günlərinin açılış mərasimi keçirilmişdi. Sonra tədbirlər paytaxtda davam etmişdi. Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Sabir poeziya günlərinin bağlanış mərasimi gerçəkləşirdi. Böyük həyəcan və sevinclə bu poeziya gecəsinə qatıldım. Tədbirdən material hazırlayıb redaktora təqdim etdim.

Xəbəri qəzetin səhifəsində görəndə sevincimin həddi-hüdudu yox idi. İşdən evə gedəndə ilk yazımın olduğu qəzetin bir nüsxəsini özümlə götürmüşdüm. Avtobus dayanacağından evimizədək təxminən bir kilometrlik yolu necə qət etdiyimi bilmədim...

Qəzetdə fəaliyyətə başladığım ilk günlərdən təcrübəli həmkarlarım öz köməyini məndən əsirgəmədilər. Deyirdilər ki, bu yolu seçmisənsə, öz üzərində səylə çalışmalısan. Etiraf edim ki, bu tövsiyələr köməyimə çatdı, həmçinin qəzetdə dərc olunan əvvəlki yazılardan bəhrələnməyə çalışdım.  

Deyirlər, həyatda xoşbəxt insanlar həm də sevdiyi məsləyə qulluq edənlərdir. Çox şadam ki, mən də əmək fəaliyyətimə bu il 30 yaşını qeyd edən “Mədəniyyət” qəzetində başladım və iki ildir bu kollektivin üzvüyəm. Yubiley münasibətilə bütün həmkarlarımı və qəzetimizin dəyərli oxucularını təbrik edirəm. “Mədəniyyət”ə daha böyük yubileylər arzusu ilə

Nurəddin MƏMMƏDLİ