Bu il dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Bununla əlaqədar Prezident İlham Əliyev Azərbaycanda 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamdan irəli gələrək Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyi görkəmli şairə həsr olunmuş beynəlxalq xalça eskizi müsabiqəsi elan edib. Müsabiqədə yaşı 20-dən yuxarı yaradıcı şəxslər iştirak edə bilərlər.

Milli Xalça Muzeyindən bildirilib ki, müsabiqədə iştirak etmək istəyənlərdən öz xalça eskizlərinin 600 DPI JPEG formatında skan olunmuş versiyasını carpetmuseum.contest@gmail.com elektron ünvanına mayın 15-dək göndərmələri xahiş olunur.

Müsabiqənin qalibi beynəlxalq münsiflər heyəti tərəfindən seçiləcək və mayın 30-da elan ediləcək. Qalib müəllifin eskizi əsasında Milli Xalça Muzeyinin Ənənəvi texnologiya şöbəsinin əməkdaşları tərəfindən xalça toxunacaq. Həmçinin qalibə pul mükafatı təqdim olunacaq.

Müsabiqənin qalibi xarici vətəndaş olarsa, onun xalça kəsimi mərasimində iştirak etməsi üçün yol və mehmanxana xərcləri muzey tərəfindən ödəniləcək.

Daha ətraflı məlumat üçün: +994 12 497 20 16

carpetmuseum.contest@gmail.com

https://www.facebook.com/AzerbaycanMilliXalcaMuzeyi

https://www.instagram.com/carpetmuseumbaku/