Özbəkistan mədəniyyət nazirinin köməkçisi Marufjon Yuldaşev Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzini (AMM) ziyarət edib, mərkəzin direktoru Samir Abbasovla görüşüb.

Direktor iki xalq arasında tarixi dostluq, yüksək səviyyəli münasibətlər, habelə mədəniyyət sahəsində əməkdaşlıq haqqında danışıb. O, Prezident İlham Əliyevin sərəncamı ilə 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edildiyini və il ərzində Azərbaycanın Özbəkistandakı Səfirliyi və AMM tərəfindən dahi şairlərimiz Nizami Gəncəvinin 880, Əlişir Nəvainin 580 illik yubileyləri münasibətilə çoxsaylı layihələrin həyata keçiriləcəyini bildirib.

Marufjon Yuldaşev AMM-in həyata keçirdiyi layihələri yüksək qiymətləndirib, Azərbaycanın İsmayıllı şəhəri ilə Özbəkistanın Riştan şəhərləri arasında “Qardaşlaşmış şəhərlər” müqaviləsinin imzalandığını qeyd edib. O, Özbəkistan Mədəniyyət Nazirliyinin bu il ərzində də birgə mədəni layihələrin həyata keçirilməsi və əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını deyib və qeyd olunan məsələlərin müzakirəsi məqsədilə nazir Ozodbek Nazarbekovla görüşün keçirilməsini təklif edib.

S.Abbasov bu il Özbəkistanın Buxara Vilayəti və Karakalpaqstan Muxtar Respublikasında Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin keçirilməsinin planlaşdırıldığını bildirib.

Qeyd edilib ki, bu il Şuşa şəhərində keçiriləcək “Xarı bülbül” Beynəlxalq Musiqi Festivalı və Vaqif poeziya günlərində özbək sənətçilərin, həmçinin Özbəkistanın Səmərqənd şəhərində “Şərq təranələri”, Şəhrisəbz şəhərində Beynəlxalq muğam (makom) festivallarında Azərbaycan sənətçilərinin iştirakı əməkdaşlığımıza böyük töhfə verəcək.

Mərkəzin direktoru həmçinin Özbəkistan, Azərbaycan və Türkiyədə Nizami və Nəvai irsi ilə bağlı əlyazmaların, miniatürlərin surətlərinin Daşkənddə geniş təqdimatının keçirilməsi və s. barədə təkliflər səsləndirib.