Dövlət Tərcümə Mərkəzi ölkədə mütaliə zövqünün formalaşması, dünya ədəbiyyatının klassik və müasir nümunələrinin Azərbaycan oxucusuna mükəmməl tərcümədə çatdırılması məqsədilə 150 cildlik “Dünya ədəbiyyatı inciləri” seriyasının nəşrinə başlayır.

Dövlət Tərcümə Mərkəzindən verilən məlumata görə, Migel de Servantes, Akutaqava Rünoske, Fyodor Dostoyevski, Uilyam Folkner, Mixail Bulqakov, Alber Kamyu, Herman Hesse, Cerom Selincer, Qabriel Qarsia Markes kimi dünya korifeylərininin əsərlərini təqdim edəcək nəşr silsiləsi Avropa, ABŞ və Latın Amerikası ədəbiyyatının seçmə nümunələri ilə yanaşı, Asiya və postsovet ölkələrinin ədəbiyyatını da əhatə edəcək.

“Dünya ədəbiyyatı inciləri” seriyasının ilk nəşri – Avstriya yazıçısı Frans Kafkanın orijinaldan tərcümə edilmiş roman, hekayə və gündəliklərinin toplandığı ikicildlik “Seçilmiş əsərləri” yaxın günlərdə oxucuların ixtiyarına veriləcək.