Ötən ilin dekabr ayından Ağstafa rayonunun Soyuqbulaq qəsəbəsindən “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğuna avtomobil yolunun çəkilməsinə başlanılıb. Yolun istifadəyə verilməsi ilə burada turizmin inkişafı üçün əlverişli şərait yaranacaq.

Qoruq ərazisində bununla bağlı müvafiq infrastrukturun yaradılması istiqamətində də işlər görülür. Qoruğun direktoru Musa Mursaquliyevin sözlərinə görə, yolun tikintisinin 2021-ci ilin payız aylarına qədər yekunlaşması nəzərdə tutulur. Bundan sonra turizm şirkətlərinin cəlb olunması planlaşdırılır.

“Keşikçidağ”ın həm də arxeoloji turizmin inkişafı üçün böyük perspektivi var. Qoruğun əməkdaşı Mələknisə Mehdiyeva qeyd edib ki, bu ilin yayında qoruq ərazisində arxeoloji məktəbin təşkil edilməsi planlaşdırılır. “Arxeoloji yay məktəbinin iştirakçılarına diplom və sertifikatlar təqdim ediləcək. Əraziyə yeni yolun çəkilişi qoruğa çoxsaylı turistin cəlb olunmasına şərait yaradır”, - deyə o bildirib.

“Keşikçidağ” mağara-məbədlər kompleksi Ağstafa rayonunun mərkəzindən 75 km məsafədə, Böyük Kəsik kəndindən 28 km şimal istiqamətində yerləşir. “Keşikçidağ” mağara-məbədlər kompleksi sərhəd zolağı boyunca 25 km-dək uzanır. Qoruğun ərazisində 100-ə qədər mağara, qədim yaşayış yerləri, 100-ə yaxın Son Tunc və İlkin Dəmir dövrlərinə aid kurqanlar, Qafqaz Albaniyasının əhalisi tərəfindən müdafiə məqsədilə inşa edilmiş qala, üzü cənub istiqamətinə baxan, bir-birindən 1500 metr aralıda yerləşən iki alban məbədi var.

Yolun inşasından sonra qoruq ilin bütün fəsillərində turist qəbul etməyə hazır olacaq. Layihənin reallaşması yeni turizm marşrutlarının yaranmasına da şərait yaradacaq.