UNESCO-nun Dünya Yaddaşı Proqramı üzrə Azərbaycan Milli Komitəsinin fəaliyyətinə dair onlayn iclas keçirilib. Bu barədə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundan məlumat verilib.

UNESCO-nun Dünya Yaddaşı Proqramı üzrə Azərbaycan Milli Komitəsinin sədri, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli bəşəri əhəmiyyətə malik sənədli irsimizin beynəlxalq səviyyədə tanıdılmasının vacibliyi, bu sahədə görülən işlər barədə danışıb. Qeyd edib ki, xarici ölkələrin muzey, arxiv və fondlarında saxlanılan tarixi, mədəni irsimizi əks etdirən nümunələrin ölkəmizə qaytarılması, həmçinin beynəlxalq qeydiyyat siyahısına daxil edilməsi istiqamətində tədbirlər görülür. İndiyədək Əlyazmalar İnstitutunda saxlanılan 4 unikal əlyazma – Rüstəm Cürcaninin “Zəxireyi-Nizamşahi”, Əbülqasim Zəhravinin “Əl-məqələtus-səlasim”, Əbu Əli ibn Sinanın “Əl-qanun fit-tibb” və Məhəmməd Füzulinin “Divan”ı UNESCO-nun Dünya yaddaşı reyestrinə (Dünya Yaddaşı Beynəlxalq Qeydiyyat Siyahısı) daxil edilib.

Əlyazmalar İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nigar Babaxanova əlyazmaların Dünya yaddaşı reyestrinə daxil edilməsi sahəsində qurumlararası əlaqələrin genişləndirilməsi istiqamətində görülən işləri nəzərə çatdırıb. O, görkəmli şairə Xurşudbanu Natəvanın “Gül dəftəri” albomunun bu siyahıya salınması ilə əlaqədar görülən işlər haqqında ətraflı məlumat verib. Bildirib ki, UNESCO-nun Dünya Yaddaşı Proqramının Cənubi Koreya Milli Komitəsi tərəfindən təşkil olunan təlimlərdə iştirakı zamanı “Gül dəftəri” albomu, əlyazmanın unikallığı, elmi, tarixi, bədii əhəmiyyəti ilə bağlı məlumatları və arxiv sənədlərini UNESCO ekspertlərinin diqqətinə çatdırıb.

Tədbirdə Novruz bayramı ərəfəsində Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan və UNESCO-nun Dünya yaddaşı reyestrinə daxil edilən əlyazmaların sərgisinin təşkili məsələsi müzakirə olunub. Bu əlyazmaların virtual sərgisinin hazırlanması haqqında qərar qəbul edilib.

Onlayn iclasda, həmçinin UNESCO-nun Dünya Yaddaşı Proqramı üzrə Azərbaycan Milli Komitəsinin əsasnaməsində və tərkibində qismən dəyişiklik edilməsi, Dünya Yaddaşı Proqramının Bakıda keçirilməsi təklif edilən 3-cü regionlararası konfransın təşkili ilə bağlı məsələlərə baxılıb.