Ermənistanın Qarabağ haqqında filminin builki Berlin festivalının proqramına salınması ilə bağlı etiraz ifadə edilib

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniq ilə görüşüb.

Səfiri salamlayan nazir Anar Kərimov Azərbaycan və Almaniya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən mədəniyyət sahəsində inkişaf etdiyini, bu sahədə indiyədək görülən işlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə ikitərəfli əlaqələrin möhkəmləndirilməsi üçün əlverişli şəraitin yaradılması, xalqlararası mədəni dialoqun təşviqi, qarşılıqlı mədəniyyət tədbirlərinin təşkilinə diqqət çəkilib. Həmçinin cari ildə imzalanması planlaşdırılan “Azərbaycan Respublikası Hökuməti ilə Almaniya Federativ Respublikası Hökuməti arasında mədəniyyət, təhsil, elm, gənclər və idman sahələrində əməkdaşlıq haqqında Saziş” barədə söz açılıb. Bildirilib ki, sənəd iki ölkənin muzey, kitabxana işi və digər sahələrdə əməkdaşlığına, mədəniyyət sahəsində təcrübə mübadiləsinin təmin edilməsinə zəmin olacaq.

Görüş zamanı Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətinin genişləndirilməsi, gənclərlə iş sahəsində birgə layihələrin reallaşdırılması məsələləri də müzakirə olunub.

Qəbula görə nazirə təşəkkürünü bildirən səfir Volfqanq Maniq Almaniya və Azərbaycan arasında mədəniyyət sahəsində əlaqələrin sıx və rəngarəng olduğunu, uzunillik ənənəyə dayandığını deyib. Diplomat əlaqələrin daha da inkişaf etdirilməsi üçün müvafiq əməkdaşlıq müqaviləsinin imzalanmasının əhəmiyyətini diqqətə çatdırıb, bunun iki ölkə arasında hərtərəfli münasibətlərin dərinləşməsinə töhfə verəcəyini bildirib.

Görüş zamanı həmçinin Ermənistan tərəfindən təqdim edilmiş “Black Bach Artsakh” filminin cari ildə keçirilməsi nəzərdə tutulan 71-ci Berlin Beynəlxalq Film Festivalının nümayiş proqramına salınması ilə bağlı etiraz ifadə edilib.

Sonda iki ölkə arasında mədəniyyət sahəsində qarşılıqlı fəaliyyətin perspektivlərinə toxunulub, əməkdaşlıqla bağlı maraq doğuran digər məsələlər müzakirə olunub.