Mədəniyyət Nazirliyinin Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünə həsr edilmiş tədbirlər planına əsasən, Respublika Gənclər Kitabxanası silsilə videomateriallar hazırlayaraq istifadəçilərə təqdim edib.

İngilis dilində istifadəyə verilən “Khojaly massacre 29” (“Xocalı qətliamı 29”) adlı virtual sərgidə soyqırımı haqqında məlumatlar o günlərin fotoxronikası ilə birlikdə verilib. Virtual sərgidə Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın olmaqla, 613 Xocalı sakininin qətlə yetirilməsi, 8 ailənin tamamilə məhv edilməsi, 76-sı uşaq olmaqla, 487 nəfərin yaralanması, 1275 nəfərin əsir götürülməsi və onlardan 150 nəfərinin taleyinin bu günədək məlum olmaması diqqətə çatdırılır.

“Xocalı soyqırımı – qan yaddaşımız” adlı virtual fotosərgidə Xocalı soyqırımı haqqında olan posterlər, şəkillər təqdim olunub.

Virtual sərgilər kitabxananın “İnstagram” və “Facebook” səhifələrində yerləşdirilib.

***

Respublika Gənclər Kitabxanası fevralın 24-də “XX əsrin ən qanlı faciəsi – Xocalı soyqırımı” adlı onlayn tədbir təşkil edib.

Kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və ən faciəli səhifə kimi yazıldığını deyib.

Kitabxananın direktoru Oruc Quliyev soyqırımından söz açaraq qeyd edib ki, XX əsrin ən qanlı səhifəsi Xocalı qırğını, XXI əsrin ən şanlı səhifəsi isə zəfərlə bitən 44 günlük Vətən müharibəsidir.

Onlayn tədbirdə “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Ələkbərli, ehtiyatda olan zabit Zahid Qarayev, Əməkdar həkimlər Tariyel Eyvazov, Məmməd Ağalar və başqaları çıxış ediblər.

***

Respublika Gənclər Kitabxanasının təşəbbüsü ilə keçirilən “Xocalı soyqırımı rəsmlərdə” adlı virtual rəsm sərgisi Rəssamlar İttifaqının üzvləri Elnurə İsgəndərova və Aygün İsgəndərova tərəfindən təşkil olunub.

Layihədə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Ə.Əzimzadə adına Rəssamlıq Məktəbi, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Pedaqoji Kollecin tələbələri, həvəskar rəssamlar iştirak ediblər. Virtual sərginin qalibləri seçilərək fəxri fərmanlarla mükafatlandırılıb.