Fevralın 25-də Milli Kitabxanada Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxanaların iştirakı ilə “Xocalı soyqırımı – 29” mövzusunda videokonfrans və professor Əliağa Cəfərovun Türkiyədə nəşr edilmiş “Qırğın” kitabının onlayn təqdimatı keçirilib.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov çıxışında qeyd edib ki, ötən ilin 3 dekabrında işğaldan azad olunmuş rayonların MKS rəhbərləri ilə onlayn konfrans keçirilib. Həmin tədbirdə kitabxana direktorlarının müraciətlərinə əsasən, Milli Kitabxana sözügedən kitabxanaların hazırkı vəziyyəti barədə Beynəlxalq Kitabxana Assosiasiyaları Federasiyasına (İFLA) müraciət göndərib. Həmin müraciətdə 975 kitabxananın binalarının erməni vandalları tərəfindən tamamilə dağıdıldığı, 4,6 milyon nüsxədən artıq kitab fondlarının yandırılması faktı əksini tapıb.

İFLA prezidenti xanım Kristin Makenzinin cavab məktubunu iştirakçıların diqqətinə çatdıran direktor bildirib ki, təşkilat kitabxanalara, onların fondlarına, işçilərinə və istifadəçilərinə dəyən bütün zərərləri qınayır.

Kərim Tahirov deyib ki, Mədəniyyət Nazirliyinin Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı tədbirlər planına əsasən, Milli Kitabxana tərəfindən “Xocalı soyqırımı-29” adlı metodik vəsait, həmçinin bu münasibətlə eyniadlı daycest hazırlanaraq virtual rejimdə təqdim olunub.

Direktor 4 hissədən ibarət “Qırğın” kitabının qardaş Türkiyədə kütləvi tirajla çap olunmasını Xocalı soyqırımı haqqında həqiqətlərin türkdilli oxuculara çatdırılmasında mühüm rol oynadığını qeyd edib.

Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova Xocalı faciəsinin hər ildönümü ərəfəsində əyani tədbirlər, geniş kitab sərgiləri, eləcə də kitab təqdimatları keçirdiklərini bildirib. Deyib ki, bu il pandemiya səbəbindən bütün tədbirlər onlayn formatda təşkil olunur. O, kitabxana tərəfindən “Xocalı-29” adlı virtual sərgi, “Xocalı soyqırımı – qan yaddaşımız!” adlı elektron məlumat bazası, bu mövzuda ingilis dilində virtual sərgi, Açıq Kitabxana Könüllüləri qrupu tərəfindən hazırlanan ingilis dilində fotosərgi barədə məlumatı diqqətə çatdırıb.

Sonra “Qətliam” kitabının müəllifi, professor Əliağa Cəfərov tədbirin təşkilinə görə Milli Kitabxanaya təşəkkürünü bildirib, kitab haqqında məlumat verib.

Videokonfransda çıxış edən MKS direktorları tədbirin təşkilini yüksək qiymətləndirib, Xocalı soyqırımı haqqında fikirlərini bölüşüblər.