Azərbaycanın Ukraynadakı Səfirliyinin təşkilatçılığı ilə “1992-2020: Xocalıdan Tərtər və Gəncəyə” mövzusunda keçirilən dəyirmi masada Ukrayna dilinə tərcümə olunmuş “Xocalı: soyqırımının xronikası” kitabının təqdimatı keçirilib.

Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova diqqətə çatdırıb ki, kitab Xocalı soyqırımından bir il sonra – 1993-cü ildə çap olunub. Faciə ilə bağlı xarici və yerli KİV-də dərc olunan məqalələr, şahidlərin ifadələri, soyqırımının törədilməsində iştirak edən 366-cı motoatıcı alayın bəzi hərbi qulluqçularının etirafları, Xocalı soyqırımına dair qaldırılan cinayət işinin materialları və digər faktlar kitabda əksini tapıb.

Kitabın Ukrayna dilində nəşrinə tanınmış şairə, mərhum Nurəngiz Günün məşhur “Xocalı simfoniyası” poeması da əlavə olunub. Poemanın Ukrayna dilində yazıçı Lesya Mudrak tərəfindən bədii qiraəti tədbir iştirakçılarını qəhərləndirib.

Kitabda Xocalı soyqırımına dair fotomateriallar, həmçinin Azərbaycanın Xalq rəssamı Əşrəf Heybətovun soyqırımına dair rəsm əsərləri yer alıb.