Musiqi Mədəniyyəti Dövlət Muzeyində Xocalı faciəsinin 29-cu ildönümü münasibətilə anım tədbiri keçirilib. Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək Xocalı faciəsi haqqında danışıb. Sonra muzeyin şöbə müdiri Xanım Abdinova “Xocalı soyqırımı – XX əsrin faciəsi” mövzusunda çıxış edib.

Xocalı şəhidi Yalçın Əsədovun bacısı Könül Əsədova qardaşı və Xocalı hadisələri haqqında xatirələrini danışıb. Şairə Lalə İsmayıl müəllifi olduğu “Unutmadıq” kitabı haqqında məlumat verib.

Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq üzrə elmlər doktoru Cəmilə Həsənova “Xocalı faciəsi Azərbaycan bəstəkarlarının yaradıcılığında” mövzusunda, “Xocalı yol gözləyir” rekviyem kompozisiyasının müəllifi, bəstəkar Azad Zahid isə əsərinin yaranma prosesi və Xocalı hadisələrinə münasibəti haqqında danışıblar.

“Xocalı – 613” simfonik poemasının müəllifi, hazırda Türkiyədə yaşayan azərbaycanlı bəstəkar Yusif Mirişli tədbirə onlayn qatılıb.