Türkiyənin nüfuzlu qurumlarından olan Türk Eğitim-Sen – Təhsil üzrə Azad Həmkarlar İttifaqının yerli şöbələrində hər il ənənəvi olaraq Xocalı soyqırımı anılır, faciə ilə əlaqədar bəyanatlar verilir.

Qurumun baş direktoru Talip Geylan bildirir ki, 29 il öncə Azərbaycan xalqı tarixində böyük faciə yaşayıb: “Türk millətinə qarşı hər fürsətdə soyqırımı yalanları ilə hücum edən ermənilər 1992-ci il fevralın 26-a keçən gecə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində insanlıq tarixinə qara ləkə olan soyqırımı törətdilər. Türk dünyasının harasında bir məsələ varsa, onu öz məsələmiz, öz problemimiz olaraq görürük. Türk dünyasının bütün nöqtələrində insanların sevinci sevincimiz, acısı acımız, dərdi dərdimizdir. Xocalı soyqırımı da bizim ortaq dərdimizdir. Çünki Xocalıda törədilən qırğın Qarabağda Azərbaycan türklərini yox etməyə yönəlmiş siyasətin nəticəsi idi”.

O qeyd edir ki, Ermənistanın Qarabağdakı günahsız insanlara qarşı törətdikləri qırğınlar, zülm, o cümlədən uşaq, yaşlı, qadın demədən törədilən soyqırımı milli yaddaşımızdan silinməyəcək, qəzəbimiz və nifrətimiz azalmayacaq: “Türk Eğitim-Sen olaraq Xocalı soyqırımının 29-cu ildönümündə, dünyanın harasında olursa-olsun, türk olduğu üçün ağır bədəllər ödəməyə məruz qalmağa davam edən, öz yurdunda zülm və işgəncəyə uğrayan bütün soydaşlarımızın yanında olduğumuzu bir daha bəyan edirik.  Azərbaycan türklüyünün əzəmətli Qarabağ qələbəsini zülmlə üzləşən bütün türk diyarlarına azadlığın qoruyucusu olmasını diləyirəm. Türkün şanlı bayrağının Qarabağda dalğalanması uğrunda mübarizə aparanları, yolumuzu və gələcəyimizi aydınladanları minnətlə anırıq”.

“İnanırıq ki, acımızın, kədərimizin, sevincimizin bir olduğu Türkiyə-Azərbaycan qardaşlığı “tək millət – iki dövlət” anlayışıyla əbədiyyətə qədər davam edəcək” – deyə T.Geylan vurğulayıb.

Mehparə SULTANOVA
Ankara