Erməni silahlı qüvvələrinin Xocalıda törətdiyi soyqırımından 29 il keçir. Ötən illər ərzində bu soyqırımının beynəlxalq aləmdə tanıdılması, müharibə cinayətinə obyektiv qiymət verilməsi Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən olub. Bu prosesdə müxtəlif qurumlar, diaspor təşkilatlarımız da iştirak edir.

Aparılan davamlı iş sayəsində bir sıra ölkələrdə və beynəlxalq təşkilatlarda Xocalı soyqırımı tanınıb. Bu istiqamətdə sistemli iş davam edir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başladılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində xarici ölkələrdə müxtəlif təbliğat-təşviqat layihələri həyata keçirilir. 2011-2012-ci illərdən etibarən müxtəlif ölkələrdə Xocalı ilə bağlı qəbul edilən sənədlər həm də bu fəaliyyətin nəticəsidir.

2011-ci ilin 30 noyabrında Meksikanın qanunverici orqanı – Baş Konqresin Deputatlar Palatasının Xarici əlaqәlәr komitәsi Xocalı faciəsini soyqırımı kimi tanıyan qərar qəbul edib.

2012-ci il fevralın 1-də Pakistan Senatının Xarici əlaqələr komitəsi Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş soyqırımı pisləyən qətnamə qəbul edib. 2017-ci ilin 2 fevralında ölkə parlamentinin aşağı palatası – Milli Assambleyanın Xarici işlәr üzrә komitәsi də müvafiq qərar qəbul edib.

24 aprel 2012-ci ildə Kolumbiya parlamenti 102 deputatın lehinə səsverməsi nəticəsində Xocalı soyqırımını rəsmən tanıdığını bəyan edib.

2013-cü ildə Bosniya və Herseqovina, Çexiya və Peru parlamentləri Xocalı soyqırımını tanıyıb. Həmin il Rumıniya parlamenti Xocalı soyqırımı ilə bağlı bəyanat qəbul edib. Panama Respublikasının Milli Assambleyasında da Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsi üzrə qətnamə qəbul olunub.

Honduras Milli Konqresi tərəfindən 2014-cü ilin 17 yanvarında Azərbaycan ərazilərinin işğalı və Xocalı soyqırımını tanıyan qərar qəbul olunub. Həmin il Sudan Milli Assambleyanın Xarici işlər komitəsi Azərbaycanın Xocalı şəhərində baş vermiş qanlı hadisələri soyqırımı aktı olaraq tanıyıb.

2015-ci ildə Qvatemala Konqresində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul edilib. Həmin il Latviya Seyminin Azərbaycanla parlamentlərarası dostluq qrupunun iclasında Xocalı soyqırımı ilə əlaqədar bəyanat qəbul olunub. Latviya Seyminin 100 deputatından 53-ü bu bəyanatı imzalamaqla Azərbaycan xalqı ilə həmrəy olduğunu bildirib və Xocalıda törədilmiş cinayəti pisləyib.

İordaniya parlamenti 2016-cı ildə Xocalı soyqırımını tanıyıb. Həmin il Sloveniya Milli Şurasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərar qəbul edilib.

2017-ci ildə Şotlandiya parlamentində təmsil olunan bütün siyasi partiyaların ümumi razılığı ilə Xocalı soyqırımına siyasi qiymət verilməsi qərara alınıb. Bu məqsədlə Xocalı soyqırımının 25 illiyi ərəfəsində qırğına siyasi qiymət verilməsi haqda qətnamənin mətni parlamentin saytında yerləşdirilib. 2017-ci ildə Cibuti Milli Assambleyası plenar iclasında Xocalı soyqırımını tanıyıb. Həmin il Paraqvay Konqresinin Deputatlar Palatası və İndoneziyanın Nümayәndәlәr Palatasının Birinci komissiyası da Xocalı soyqırımını tanıdığını bəyan ediblər.

Əfqanıstan İslam Respublikası Milli Assambleyanın Yuxarı Palatası isə 2020-ci ildə ermənilərin Xocalıda törətdiyi soyqırımı aktına siyasi qiymət verib.

İndiyədək ABŞ-ın otuza yaxın ştatında Xocalı soyqırımı ilə bağlı müvafiq  sənədlər qəbul olunub.

Ötən illərdə Azərbaycan dövləti ayrı-ayrı ölkələrlə yanaşı, bir sıra beynəlxalq təşkilatlar səviyyəsində də faciənin tanınmasına nail olub. 57 ölkənin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı (İƏT), habelə Türk Şurası Xocalı soyqırımını tanıyıb. Bununla bağlı təşkilatların bir neçə qətnaməsi mövcuddur.

LALƏ