Özbəkistan paytaxtında keçirilən festivalda ölkəmiz də təmsil olunub

Daşkənddəki Beynəlxalq Britaniya məktəbində “Xalqların adət-ənənələri və milli mətbəxi” adlı ənənəvi xeyriyyə festivalı keçirilib. Festivalda ABŞ, Böyük Britaniya, Rusiya, İtaliya, İran, Misir, Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Hindistan, Pakistan, Qazaxıstan, Qırğızıstan, İndoneziya, Tacikistan və digər ölkələrin Özbəkistandakı səfirlikləri və mədəniyyət mərkəzləri iştirak ediblər.

Ölkəmizi Özbəkistandakı səfirliyimizin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) təmsil edib.

Azərbaycan üçün ayrılmış guşədə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, “Qarabağ həqiqətləri” seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı AMM-in Daşkənddə özbək dilində çap etdirdiyi kitablar nümayiş etdirilib. Azərbaycan guşəsində həmçinin “Nizami Gəncəvi İli” ilə əlaqədar dahi şairin portreti və AMM-in özbək dilində çap etdirdiyi “Xəmsə” yer alıb. 

Festivalda Qarabağın milli kişi və qadın geyimləri iştirakçıların böyük marağına səbəb olub. Ölkəmizin mənzərələri, milli musiqi alətləri və Azərbaycan Mədəniyyət Mərkəzinin naxıştikmə və rəsm dərnəyi üzvlərinin əl işləri, suvenirlər ziyarətçilərin diqqətini cəlb edib.

Guşəmizdə həmçinin üç növ plov, dolma, qutab, həmçinin şəkərbura, paxlava və digər milli şirniyyatlarımızın satışı həyata keçirilib. Bildirilib ki, satışdan əldə olunan vəsait uşaq evlərinin fonduna köçürüləcək.

Festivalın konsert hissəsində AMM-in “Azərbaycan qızları” rəqs ansamblının ifa etdiyi “Şuşanın dağları” və “Qafqaz rəqsi” alqışlarla qarşılanıb.

Festival çərçivəsində rəsm və əl işlərinə dair ustad dərsləri də təşkil edilib.