Azərbaycan

3 mart 1873 – Yazıçı, tərcüməçi Abdulla bəy İsmayıl oğlu Əfəndizadə (1873-1928) Şəkidə doğulub. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü olub, uşaqlar üçün şeirlər, hekayələr yazıb. Görkəmli maarifpərvər Rəşid bəy Əfəndiyevin qardaşıdır.

3 mart 1875 – Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, memar Məmmədhəsən Cəfərqulu oğlu Hacınski (1875 – 9.2.1931) anadan olub. Sovet dövründə müxtəlif vəzifələrdə işləyib, 1931-ci ildə həbs edilərək güllələnib.

3 mart 1904 – Əməkdar artist Abbas Mirzə oğlu Rzayev (1904 – 12.6.1976) Cənubi Azərbaycanın Zəncan şəhərində doğulub. 1926-cı ildən Akademik Dram Teatrının truppasında aktyor kimi fəaliyyət göstərib.

3 mart 1912 – Yazıçı Manaf Süleymanov (1912 – 12.9.2001) anadan olub. Köhnə Bakı haqqında “Eşitdiklərim, oxuduqlarım və gördüklərim” adlı tarixi-ensiklopedik kitabın, “Dalğalar qoynunda”, “Fırtına”, “Zirvələr”, “Yerin sirri” və s. romanların müəllifidir.

3 mart 1914 – Əməkdar artist Cəvahir Allahverdi qızı İsgəndərova (1914 – 4.10.2003) Tiflisdə doğulub. Gənc Tamaşaçılar Teatrının ilk aktrisalarından (1927-ci ildən) olub.

3 mart 1925 – Şair, ədəbiyyatşünas İsmayıl Qəhrəman oğlu Cəfərpur (1925-1977) anadan olub.

3 mart 1926 – Şairə, ədəbiyyatşünas Hökumə İbrahim qızı Billuri (1926 – 22.11.2000) Cənubi Azərbaycanın Zəncan şəhərində doğulub. M.Şəhriyarın farsca şeirlərini Azərbaycan dilinə çevirib. S.Vurğun, C.Cabbarlı, M.Dilbazi və başqa ədiblərin əsərlərini fars dilinə tərcümə edib.

3 mart 1928 – Yazıçı Namiq Ələkbər oğlu Abdullayev (1928-1992) anadan olub. Fantastik mövzuda “Sehrli oğlan”, “İtirilmiş dünya”, “Balaca Kiberin macəraları” və s. kitabların müəllifidir.

3 mart 1937 – Yazıçı Fərman İsmayıl oğlu Kərimzadə (1937 – 17.3.1989) Ermənistanın Vedi rayonunun Böyük Vedi kəndində doğulub. “Çaldıran döyüşü”, “Xudafərin körpüsü”, “Qarlı aşırım”, “Təbriz namusu” və s. əsərlərin müəllifidir. Bədii (“Axırıncı aşırım”) və sənədli filmlər üçün ssenarilər yazıb.

 

4 mart 1919 – Görkəmli aktyor, rejissor Hüseyn Məmməd oğlu Ərəblinski (Xələfov; 1881-1919) qətlə yetirilib. Azərbaycanın professional teatr sənətinin banilərindən biridir. “Müsəlman artistləri” cəmiyyətində, “Nicat” teatr cəmiyyətində çalışıb. 1916-cı ildə “Neft və milyonlar səltənətində” filmində Lütfəli bəy rolunu oynayıb.

4 mart 1919 – Bakı milyonçusu, mesenat Ağamusa Nağıyev (1849-1919) vəfat edib. Bakıda memarlıq nümunələri olan binalar (AMEA-nın Rəyasət Heyəti (“İsmailiyyə”), Dövlət Neft Şirkətinin köhnə binası və s.) inşa etdirib.

 

5 mart 1910 – Əməkdar incəsənət xadimi, rejissor Səftər (Əlisəftər) Həbib oğlu Turabov (1910-1989) Bakıda doğulub. Akademik Milli Dram Teatrında işləyib, Azərbaycan Radiosunda radio tamaşaları hazırlayıb.

5 mart 1919 – Teatr və kino aktyoru, kiçik rolların mahir ifaçısı Məmmədsadıq Qafar oğlu Nuriyev (1919 – 22.3.1975) Bakıda doğulub. Xalq artisti Yaşar Nurinin atasıdır. İrəvan Dövlət Azərbaycan Dram, Gəncə Dram, Musiqili Komediya teatrlarında çalışıb.

5 mart  1926 – Xalq rəssamı Cahangir Mahmud oğlu Rüstəmov (1926 – 13.2.2007) Şəki şəhərində anadan olub. Tarixi mövzuda əsərlər, məişət tabloları, mənzərələr, portretlər və natürmortların müəllifidir.

5 mart 1936 – Görkəmli ədəbiyyatşünas alim, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, AMEA-nın müxbir üzvü Yaşar Vahid oğlu Qarayev (1936 – 25.8.2002) Şəkidə doğulub. AMEA-nın Ədəbiyyat İnstitutunun direktoru olub.

5 mart 1947 – Ədəbiyyatşünas, yazıçı Vaqif Arzumanlı (1947 – 9.7.2014) Qubada doğulub. Kitabları: “Dədə Qorqudun qəbrinin izi ilə”, “Mirzə Fətəli Axundzadə və Qərbi Avropa ədəbi-nəzəri fikri” və s.

5 mart 1953 – Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, ədəbiyyatşünas  Kamran  İmran oğlu Əliyev (1953 – 23.12.2020) Naxçıvan MR Şərur rayonunun Diyadin kəndində anadan olub.

5 mart 1956 – Şair Sabir Sarvan (Sabir Soltan oğlu Məlikov; 1956-2017) Ağsunun Pirhəsənli kəndində doğulub. “Gördüyüm göy üzü, baxdığım işıq”, “Özümü sözə çevirdim” və s. kitabların müəllifidir.

5 mart 1970 – Əməkdar incəsənət xadimi, rəssam Reyhan İbrahim qızı Topçubaşova (15.12.1905 – 1970) vəfat edib. Portret (“M.Ə.Sabir”), mənzərə (“Mərdəkanın görünüşü”) janrlarında, məişət mövzusunda (“Köhnə bazar”, “Toy”) əsərlər, natürmortlar çəkib.

 

Dünya

 

3 mart 1879 – Litva lirik nəsrinin banisi, şair, publisist Yonas Bilyunas (1879-1907) anadan olub.

3 mart 1919 – Cənubi Afrika yazıçısı Peter Abrahams (1919-2017) anadan olub. Qara Qarayev yazıçının “İldırımlı yollarla” romanının motivləri əsasında balet (libretto müəllifi – Y.Slonimski) yazıb.

 

4 mart 1678 – İtalyan bəstəkarı, skripkaçı, dirijor Antonio Vivaldi (Antonio Lucio Vivaldi; 1678-1741) Venesiyada doğulub. “İlin fəsilləri” (skripka üçün 4 konsert) əsəri ilə şöhrət qazanıb.

4 mart 1908 – Rus yazıçısı Boris Nikolayeviç Polevoy (əsl soyadı Kampov; 1908-1981) anadan olub. “Əsl insan haqqında povest”i ilə məşhurdur.

4 mart 1925 – Fransız bəstəkarı, aranjimançı, dirijor Pol Moria (Paul Mauriat; 1925-2006) anadan olub.

 

5 mart 1922 – İtalyan rejissoru, yazıçı, şair Pyer Paolo Pazolini (Pier Paolo Pasolini; 1922-1975) anadan olub.

5 mart 1934 – Türk kinorejissoru Halit Refiğ (1934-2009) anadan olub. Filmləri: “Qürbət quşları”, “Aşk-ı Memnu” (1975) və s.

Hazırladı:  Vüqar ORXAN