Nizami Gəncəvinin “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. “Xəmsə”yə daxil olan beş poema-məsnəvidə bütün zamanların ən humanist, ümumbəşəri idealları parlaq bədii əksini tapıb. “Nizami Gəncəvi İli” qüdrətli söz ustadının misilsiz xəzinə olan ədəbi irsinin təbliği, eyni zamanda tədqiq edilməsi və öyrənilməsi üçün yeni zəmindir.

“Nizami sözündən incilər”də dahi şairin möhtəşəm beşliyindən növbəti seçmələri təqdim edirik.

Birilə köhnədən olarsa kinin,
Kökünü qazıma onun nəslinin.
Atanın oğlundan alma intiqam,
Çalış dost olasan onunla müdam.

(“İsgəndərnamə” – “İqbalnamə”)

Şüşəyə öncə sən vurma daş, kəsək,
Qırılsa, çətindir onu düzəltmək.

(“İsgəndərnamə” – “Şərəfnamə”)

Hər kəs ki zülm üçün qılıncı aldı,
Qan tökən şir kimi pəncəsiz qaldı.

(“Xosrov və Şirin”)

Əqrəb düşmənçiliyi betərdir əjdahadan,
Əjdaha aşkar vurar, əqrəb gizli hər zaman.
Kiçik düşmən ən böyük bir bəladır bunu bil,
Böyük xətadır xəbər tutmayıb olsan qafil.

(“Sirlər xəzinəsi”)

Mərdə layiq sifət deyildir, inan,
Ki, bal oğurlasın bal arısından.
Gərək cavan mərdi pul aldatmasın,
İşinə zərrəcə xələl qatmasın.

(“Yeddi gözəl”)

Düşmən silahlansa qarşında əgər,
Sən də qılınc vurub qüvvəni göstər.
Lakin silah töksə qarşında düşmən,
O miskin düşmənlə gəl vuruşma sən.

(“Leyli və Məcnun”)