Varşava şəhərində fəaliyyət göstərən Azərbaycan Evinin və Polşa Azərbaycanlıları Şurasının təşəbbüsü ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş sərgi təşkil edilib.

Sərgidə Xocalı faciəsini əks etdirən rəsm əsərləri və fotolar, soyqırımı haqqında kitablar nümayiş olunub.

Azərbaycan Evinin rəhbəri Lalə Zeynalova, Polşa Azərbaycanlıları Şurasının rəhbəri Fərid Cəfərli və yerli ictimaiyyətin nümayəndələri çıxış ediblər.

Varşava Universitetinin hüquq və Şərq araşdırmaları üzrə magistrantı, 2019-cu ildə keçirilən “Mən Azərbaycan haqqında nə bilirəm?” müsabiqəsinin qalibi Maria Jaqodzinskaya bildirib ki, belə faciələrin bir daha yaşanmaması üçün Xocalıda soyqırımı törədən erməni cəlladlarının məsuliyyətə cəlb olunması və cəzalandırılması xüsusilə vacibdir.

Sonra Lalə Zeynalova Azərbaycan icmasının Polşa Seyminə (parlament), Xarici İşlər Nazirliyinə və siyasi-analitik mərkəzlərə ünvanlanan bəyanatını səsləndirib.

Varşavada təhsil alan azərbaycanlı tələbələr Fərid Abdullayev və Baba Abbasov tarda və gitarada “Bayatı-Şiraz” muğamını, “Sarı gəlin” və digər Azərbaycan xalq mahnılarını ifa ediblər.