Mədəniyyət Nazirliyinin nümayəndə heyətinin tərkibində Ankarada səfərdə olan Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov martın 1-də Türkiyə Milli Kitabxanasının direktoru və Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Kitabxanalar və nəşriyyatlar idarəsinin rəhbəri Əli Odabaşla görüşüb.

Kərim Tahirov görüş zamanı iki qardaş ölkə arasında kitabxana işi sahəsində əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Qeyd edib ki, Azərbaycan Milli Kitabxanası ilə Türkiyə Milli Kitabxanası arasında mövcud əməkdaşlıq memorandumunun yenilənməsinə ehtiyac var.

Türkiyə Milli Kitabxanasının direktoru Əli Odabaş təklifə müsbət münasibətini bildirib və memorandumun yaxın zamanlarda yenilənməsini məqsədəuyğun hesab edib.

Söhbət əsnasında yaxın zamanlarda Türkiyə Milli Kitabxanasında ölkəmizin mədəniyyətinə, tarixinə, ədəbiyyatına və incəsənətinə dair Azərbaycan guşəsinin yaradılacağı bildirilib. Bu məqsədlə Azərbaycan Milli Kitabxanasından ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatı və incəsənəti ilə bağlı kitablar Türkiyə Milli Kitabxanasına göndəriləcək.

Daha sonra Kərim Tahirov dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi münasibətilə Türkiyə Milli Kitabxanasında saxlanılan Nizami əlyazmalarının elektron versiyalarının Azərbaycan Milli Kitabxanasına verilməsini xahiş edib. Eyni zamanda Misirdə və Sankt-Peterburqda mühafizə olunan Nizami əlyazmalarının da rəqəmsal surətlərinin alınacağını və çap olunacağını bildirib.

Görüş zamanı professor Kərim Tahirov Azərbaycanın işğaldan azad olmuş ərazilərində 975 kitabxananın ermənilər tərəfindən məhv edildiyini, həmin ərazilərdə kitabxanaların fondlarının bərpası üçün kitab toplama kampaniyası başladıldığını diqqətə çatdırıb.

Əli Odabaş həmin kitabxanaların fondlarına dəstək üçün Türkiyə Milli Kitabxanasının da kitab göndərəcəyini qeyd edib.

Sonda Kərim Tahirov “Qarabağ. Əsrlərin salnaməsi” (Azərbaycan və ingilis dilində) kitabını Türkiyə Milli Kitabxanasının direktoruna hədiyyə edib.