Xəbər verdiyimiz kimi, martın 2-də Ankarada – Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) qərargahında Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş kitab və rəsm sərgiləri açılıb. TÜRKSOY-un Baş katibi Düsen Kaseinov qeyd edib ki, dahi Azərbaycan şairinin yubileyi bütün türk dünyası üçün əlamətdar hadisədir.

“Dünya şöhrətli azərbaycanlı şair Nizami Gəncəvi hamımızın sevimlisi və iftixarıdır. Nizami Gəncəvidən bəhs etmək şərəfli və qürurvericidir. Böyük şairin yaradıcılığı ibrətamiz və düşündürücü olduğu üçün hər zaman böyük oxucu kütləsi qazanıb, sevilib”, – deyə o jurnalistlərə açıqlamasında bildirib.

“Nizaminin yaradıcılığı dünya ədəbiyyatı üçün tükənməz xəzinədir” deyən Düsen Kaseinov 1941-ci ildə alman faşist ordusunun mühasirəyə aldığı Leninqradda (Sankt-Peterburq) dahi şairinin 800 illiyinin qeyd olunmasını xatırladıb. Baş katib diqqətə çatdırıb ki, bu tarixi hadisə TÜRKSOY-dakı sərgidə fotoreproduksiyası nümayiş olunan azərbaycanlı rəssam Vaqif Ucatayın “Nizami işığında” tablosunda təsvir olunub.

“1941-ci il oktyabrın 19-da Leninqradın elm və mədəniyyət ictimaiyyəti Nizami Gəncəvi dühasının işığında bir araya gələrək böyük şairin anadan olmasının 800 illiyini təntənə ilə qeyd ediblər. Müharibənin qızğın bir vaxtında, blokada və zorakı mühitə baxmayaraq belə bir mərasimin keçirilməsi böyük Nizamiyə verilən yüksək dəyərin ən mühüm göstəricidir”, – deyə Düsen Kaseinov əlavə edib.

Türk dünyasının tarixi şəxsiyyətlərinə yüksək dəyər verməyi TÜRKSOY-un mənəvi borcu kimi qiymətləndirən baş katib vurğulayıb ki, qurum Nizami Gəncəvinin 880 illiyi ilə bağlı bir sıra layihələr həyata keçirəcək.