Vətən müharibəsində erməni işğalından azad olunmuş bölgələrdə yeni yaradılacaq kitabxanaların fondları üçün kitab toplama kampaniyası davam edir. Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə keçirdiyi kampaniyaya Gəncə Regional Mədəniyyət İdarəsi də qoşulub. İdarənin rəisi Vasif Cənnətov bu məqsədlə Gəncə şəhər MKS-yə kitablar hədiyyə edib.

Gəncə şəhər MKS-nin 2 nömrəli kitabxana filialı şair, ədəbiyyatşünas, Əməkdar incəsənət xadimi Hökumə Billurinin (1926-2000) anadan olmasının 95 illiyinə həsr olunmuş “Ayrılıq nəfəsli, hicran soraqlı” mövzusunda onlayn tədbir keçirib. Kitabxana filialının müdiri Firuzə Yunusova şairənin həyat və yaradıcılığı haqqında məlumat verib.

Gəncə şəhər Mərkəzi kitabxanasının Uşaq şöbəsi isə onlayn “nağıl saatı” keçirib.

***

Sabirabad Regional Mədəniyyət İdarəsi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Sabirabad rayon komitəsinin birgə təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində və Mərkəzi kitabxanada yanğın təhlükəsizliyi qaydaları və mülki müdafiə tədbirləri ilə əlaqədar tədbirlər keçirilib.

***

Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin Mərkəzi kitabxanası Uşaq şöbəsinin təşkilatçılığı ilə “Ucadan oxu günü” münasibətilə videokonfrans keçirilib. “LitWorld” beynəlxalq ictimai təşkilatının təşəbbüsü ilə 2010-cu ildə təsis olunan bu gün müxtəlif ölkələrdə mart ayının birinci həftəsinin çərşənbə günü qeyd olunur. Bu il martın 2-nə təsadüf edən günün əsas məqsədi uşaqlarda mütaliə mədəniyyətini inkişaf etdirməkdir.

***

Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon MKS-nin 22 saylı Şəftəhal kənd kitabxana filialında da “Ucadan oxu günü”nə həsr olunan tədbir keçirilib. Kitabxananın müdiri Səbinə Mahmudova gün barədə məlumat verib. Uşaqlar Azərbaycan xalq nağıllarından parçaları ucadan oxuyublar.

***

Bərdə Regional Mədəniyyət İdarəsinin rəis müavini Validə Nabatovanın iştirakı ilə klub və kənd mədəniyyət işçilərinin onlayn seminar-müşavirəsi keçirilib. Müşavirədə cari məsələlər, Vətən müharibəsi şəhidlərinin ailələri və qazilərlə görüşlərin keçirilməsi, onlara mənəvi dəstək göstərilməsinin vacibliyi diqqətə çatdırılıb.

Bərdə rayon Mədəniyyət Mərkəzinin filialları Xalq şairi, dramaturq, tərcüməçi, ictimai xadim Süleyman Rüstəmin (1906-1989) anadan olmasının 115 illiyi münasibətilə videoçarxlar hazırlayıblar.