Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə rayon MKS-nin Xanağalı kənd kitabxana filialı Vətən müharibəsi şəhidi İdris Nərimanovdan bəhs edən “Qəhrəman şəhidim” adlı videoçarx hazırlayıb.

***

Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin kənd kitabxana filiallarının əməkdaşları Vətən müharibəsi qaziləri Anar Quliyev, Tarıyel Ağasıyev, Ömər Laçınov və Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanovla görüş keçiriblər. Həmçinin Vətən müharibəsi şəhidləri Tamerlan Səfərov və Əsgər Əhmədovun ailələri ziyarət olunub.

***

Şəki Regional Mədəniyyət İdarəsinin və 2 nömrəli Uşaq musiqi məktəbinin bir qrup əməkdaşı Od çərşənbəsi münasibətilə Vətən müharibəsində pensiyasını Ordumuza bağışlayan Baş Küngüt kəndinin sakini Hikmət Musayevi ziyarət ediblər. İdarənin rəisi Mirvari Zeynalova Hikmət Musayevi Od çərşənbəsi münasibətilə təbrik edib, ona nəcib addıma görə minnətdarlığını bildirib.

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki rayon komitəsinin heyəti Vətən müharibəsi qazisi Asif Məmmədəliyevi və ailəsini ziyarət edərək, maddi dəstək göstəriblər.

Şəki şəhər 2 nömrəli Uşaq musiqi məktəbinin müəllim və şagirdləri Vətən müharibəsinin şəhidi, oxuduğu “Vətən yaxşıdır” təsnifi ilə dastana dönən Xudayar Yusifzadənin məzarını ziyarət etmək üçün Bərdə rayonuna səfər ediblər. Bərdə şəhər 1 nömrəli Uşaq incəsənət məktəbində keçirilən tədbirdə şəhidin nənəsi Tovuz Məmmədova və qardaşı Məhəmməd Yusifzadə Xudayarın uşaqlıq və gənclik illəri ilə bağlı xatirələrini bölüşüblər.

Qax rayon Əmbərçay kənd kitabxanası və kənd klubunun bir qrup əməkdaşı Vətən müharibəsində “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmiş qazi Xaqani Yunusovla görüşüblər.

***

Sumqayıt Regional Mədəniyyət İdarəsi Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində şəhid ailələri və veteranlarla görüş keçirilib. Tədbirdə şəhidlərimizin adlarının əbədiləşdirilməsi, veteranlarımızın, qazilərimizin problemlərinin vaxtında həlli istiqamətində görülən işlərdən söz açılıb.

***

Ağdaş Regional Mədəniyyət İdarəsi Ağdaş Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları şəhid Cəlil Əliyevin məzarını ziyarət ediblər. Daha sonra Vətən müharibəsi qazisi Elnur Məmmədovla görüş olub.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Vətən müharibəsi qazisi Roman Mirzəliyevlə görüşüb, qayğıları ilə maraqlanıblar.

Göyçay rayon Rəsul Rza adına Mədəniyyət Mərkəzinin direktoru Azad Zamanov və mərkəzin əməkdaşları Vətən müharibəsi şəhidi Şəmistan Əzizovun ailəsinə baş çəkiblər.