Heydər Əliyev Fondunun tarixi, mədəni və dini irsin qorunmasına xidmət edən layihələri Azərbaycanın sərhədləri ilə məhdudlaşmır. Artıq on ildən çoxdur ki, Fondun dəstəyi ilə Vatikanda mühüm tarixi əhəmiyyət daşıyan dini abidələr bərpa edilir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın nəcib təşəbbüsü ilə Vatikanda bu istiqamətdə əməkdaşlığın növbəti mərhələsinin icrasına başlanılıb.

Bununla əlaqədar Heydər Əliyev Fondunun və Azərbaycandakı dini icmaların təmsilçilərinin daxil olduğu nümayəndə heyəti Vatikanda səfərdə olub.

Səfər zamanı Heydər Əliyev Fondu və Müqəddəs Taxt-Tacın Müqəddəs Arxeologiya Şurası arasında Müqəddəs Komodilya katakombalarının bərpasına dair yeni əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqəddəs Taxt-Tacın Mədəniyyət üzrə Pontifik Şurasının və Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının sədri kardinal Canfranko Ravazi imzalanma mərasimini Vatikanla Azərbaycan arasında münasibətlərdə əlamətdar hadisə kimi səciyyələndirib. Qeyd edilib ki, Heydər Əliyev Fondu və Vatikan arasında mövcud əməkdaşlıq artıq növbəti mərhələyə qədəm qoyur. Əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrə nəzər salan kardinal üç mühüm mərhələ barədə məlumat verib və diqqətə çatdırıb ki, ilk mərhələdə Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası həyata keçirilib və bərpadan sonra Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə ictimaiyyət üçün açılış mərasimi olub. İndi artıq ictimaiyyət möhtəşəm freskaları restavrasiya olunmuş həmin katakombaları ziyarət edə bilir.

İkinci mərhələ Müqəddəs Sebastian Bazilikasında yaradılmış muzey olub və sarkofaqların restavrasiya edilərək qorunan muzeyin təşkilində Fondun prezidenti Mehriban Əliyeva yaxından dəstək göstərib. Hazırkı üçüncü mərhələdə isə məqsəd indiyədək ictimaiyyət üçün qapalı olan Komodilya katakombalarını bərpa edərək ziyarətçilərin istifadəsinə verməkdir.

Kardinal diqqətə çatdırıb ki, Heydər Əliyev Fondu və Vatikan tərəfindən əsası qoyulan bu uğurlu əməkdaşlıq mədəni irsin qorunmasına xidmət etməklə yanaşı, eyni zamanda, dinlərarası dialoqun inkişafına öz töhfəsini verir: “Əhalisinin böyük əksəriyyəti müsəlman olan Azərbaycanın xristian mədəni irsinə böyük qayğı ilə yanaşması çox diqqətəlayiq bir məqamdır,” - deyə kardinal bildirib. O, Azərbaycan nümayəndə heyətinin tərkibində ölkədəki bütün dini icmaların nümayəndələrinin də təmsil olunmasını dini müxtəlifliyə verilən yüksək qiymət kimi dəyərləndirib.

Yeni əməkdaşlıq razılaşması Roma şəhərindəki katakombalardan birinin ictimaiyyət üçün açılması və bu yolla Roma şəhərinin mədəni zənginliyinə daha bir incinin əlavə olunması ilə nəticələnəcək. 2025-ci ildə Roma şəhərində Roma-katolik kilsəsi üçün xüsusi əhəmiyyət daşıyan və hər 25 ildən bir qeyd edilən “Müqəddəs il” yubiley tədbirləri keçiriləcək və “əbədi şəhər”ə dünyanın hər tərəfindən turist və zəvvarlar axışacaq. Bu isə bərpadan sonra açılacaq Komodilya katakombalarına çox sayda ziyarətçinin gəlməsinə imkan verəcəkdir.

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın salamlarını tədbir iştirakçılarına çatdırıb. O, bir il əvvəl (fevral 2020) Azərbaycan Prezidenti İlham Əliyevin Vatikana səfər etdiyini, burada görüşlər keçirildiyini qeyd edib. Bildirilib ki, Heydər Əliyev Fondunun Müqəddəs Taxt-Tacla əməkdaşlığı sayəsində dünya mədəni irsinin qorunması üzrə layihələrin həyata keçirilməsinə nail olunub. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu uğurlu münasibətləri daim diqqətdə saxladığı qeyd edilib. Görüş zamanı Birinci vitse-prezident Mehriban Əliyevanın məktubu kardinal C.Ravaziyə təqdim edilib.

Məktubda qeyd edilir ki, Azərbaycan Heydər Əliyev Fondunun fəaliyyəti ilə ötən illər ərzində mədəni irsin bütün elementlərinin bizim üçün eyni dərəcədə əziz olduğunu nümayiş etdirib. Xristian katakombaları coğrafi, mədəni və dini məhdudiyyətlərə baxmayaraq, dünya irsinin nümunələri hesab edilir və buna görə də həmin abidələr qorunmalı və təbliğ olunmalıdır. Beləliklə, Azərbaycan Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyası ilə səmərəli əməkdaşlığını davam etdirməyə hazırdır.

Diqqətə çatdırılır ki, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə və ətraf yeddi rayonuna otuz ilə yaxın davam edən hərbi təcavüzü və işğalı nəticəsində Azərbaycanın həmin ərazilərdəki misilsiz mədəni irsinə çox böyük ziyan dəyib. Ötən il Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqları, işğaldan azad edildikdə həmin ərazilərdəki dəhşətli dağıntıların miqyasını görmək son dərəcə ağrılı idi. Yüzlərlə tarixi abidənin – muzeylərin, incəsənət qalereyalarının, məscidlərin, qəbiristanlıqların yerlə-yeksan və talan edilməsi, təhqir olunması ilə bağlı gördüyümüz reallıq gözlədiyimizdən daha pis oldu. “İndi bizim qarşımızda azad edilmiş bu torpaqların bərpa edilməsi kimi böyük bir vəzifə durur. Əminəm ki, bunun öhdəsindən uğurla gələcəyik. Dağıdılmış şəhər və kəndləri bərpa edəcəyik. Mənşəyindən asılı olmayaraq məhv edilmiş mədəni irsin hamısını bərpa etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik. Çünki bu irs ölkəmizin qürur duyduğumuz mədəni müxtəlifliyini təcəssüm etdirir”, - deyə məktubda bildirilir.

Görüş zamanı Azərbaycan nümayəndə heyəti Vatikanda icra olunan layihələr zamanı beynəlxalq ekspertlərin cəlb olunduğunu qeyd edərək, Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki tarixi-mədəni irsin bərpasında Vatikan mütəxəssislərini yaxından iştiraka, öz fikir və tövsiyələri ilə bu prosesə töhfə verməyə çağırıb.

Müqəddəs Arxeologiya Komissiyasının inspektoru, professor Fabrizio Biskonti Heydər Əliyev Fondu və Vatikan arasında əməkdaşlıq çərçivəsində görülmüş işlərin qısa məcmusu haqqında danışıb və üçüncü mərhələdə görüləcək bərpa işlərinə dair təqdimatla çıxış edib.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, Bakı İslam Universitetinin rektoru Sabir Həsənli və Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev Azərbaycandakı dini tolerantlıq, multikultural mühit, eləcə də dini icmalar üçün yaradılmış şəraitdən danışıblar.

Nümayəndə heyəti daha sonra Roma şəhərinin VIII rayonu ərazisində yerləşən Komodilla katakombaları ilə tanış olub. Müqəddəs Arxeologiya Komissiyasının inspektoru, professor Fabrizio Biskonti ekskursiya zamanı Komodilla katakombasının tarixi barədə məlumat verib. Qeyd edilib ki, erkən xristianlıq dövrünə aid ilk artefaktların mövcud olduğu katakomba Felisio və Adauktus adlı xristian əzabkeşlərinin dəfn olunduğu məkan kimi də tanınır və orta əsrlərdə möminlərin ziyarətgahına çevrilmişdi. Katakombada ilk xristian əzabkeşi San Stefano, İsa peyğəmbərin həvari Pietroya Cənnətin açarlarını təqdim etməsi və digər mövzularda freskalar dini və tarixi əhəmiyyət daşıyır. Eyni zamanda, qeyd edilib ki, ötən əsrin 50-ci illərində bu ərazidə yaşayış binalarının tikintisi katakombanın statikasına mənfi təsir göstərib və Heydər Əliyev Fondunun göstərdiyi dəstək olmasaydı, katakombanın böyük arxeoloji dəyərə malik bu hissəsi uça bilərdi.

Nümayəndə heyəti, həmçinin Müqəddəs Sebastian katakombasının Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılmış yeni muzey və restavrasiya edilmiş sarkofaqlarla da tanış olub. Bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Sebastian katakombalarının bərpası işlərinə 2016-cı ildə başlanılıb. 2018-ci il sentyabrın 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva katakombaların açılışı mərasimində iştirak edib. Hazırda muzeydə Heydər Əliyev Fondunun dəstəyi ilə restavrasiya olunmuş 150 sarkofaq və ya onların fraqmentlərindən ibarət eksponatlar nümayiş olunur. Eyni zamanda, qeyd edilib ki, Roma şəhərində 60-dan çox katakomba mövcud olmasına baxmayaraq, onlardan cəmi bir neçəsi ictimaiyyət üçün açıqdır. Heydər Əliyev Fondunun dəstəyi ilə aparılan işlər dini və mədəni irsin qorunub saxlanmasında mühüm əhəmiyyət daşıyır.

Sonra nümayəndə heyəti IV əsrdə katakombanın üzərində inşa edilmiş Müqəddəs Sebastian Bazilikası ilə də tanış olub. Həmçinin restavrasiya işləri 2020-ci ildə başa çatan Müqəddəs Pyotr kilsəsinin bazilikasındakı “Roma Papası I Leon və Hun imperatoru Atillanın görüşü” barelyefinə baxış olub.