Mədəniyyət Nazirliyinin nəşri olan “Mədəniyyət/Culture” jurnalının 2021-ci il üzrə ilk sayı (yanvar-fevral) çapdan çıxıb.

Dərginin ötən sayında olduğu kimi, yenə də əsas yazılar 2020-ci ilin Vətən müharibəsindəki tarixi Zəfərimiz, mədəniyyət sahəsinin bu savaşda şəhidlik və qazilik məqamına yüksəlmiş nümayəndələrinin həyat və döyüş yolu, işğaldan azad edilmiş bölgələrimizdə quruculuq işləri kontekstində tarixi abidələrin bərpası və digər mövzuları əhatə edir.

“Vətəndən Vətənə uzanan yollar” adlı baş məqalədə Böyük Qayıdışa hazırlıq zəminində Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın 30 illik həsrət və xatirələrlə Şuşaya səfəri, eləcə də İCESCO-nun Baş katibi Salim bin Məhəmməd əl-Malikin Qarabağ təəssüratından bəhs olunur.

“Biz artıq o şəhərdəyik”, “Şəhidliyin hikməti” yazılarında həyatını Vətən yolunda qurban vermiş gənclərimiz, “Səhnədən hərb meydanına” yazısında isə cəbhədə igidliklə döyüşmüş mədəniyyət işçilərimiz haqqında söhbət açılır.

Mədəniyyət Nazirliyinin işğaldan qurtulmuş ərazilərlə bağlı layihələri, il ərzində bu istiqamətdə gözlənilən fəaliyyəti barədə yazı və xəbərlər də nəşrdə yer alıb.

“Bitdi “qürbət” həsrəti” deyərək, yurd yerlərinə hazırlaşan Şuşa teatrının dünəni və bu gününə görkəmli sənətşünas, professor İlham Rəhimlinin yazısında işıq tutulur. Müəllif “70+2, yaxud adaşımın ad günündə ani xatırlamalar” yazısında isə tələbə yoldaşı, Xalq artisti İlham Namiq Kamalla bağlı ürək sözlərini bölüşür.

Oxucular Qarabağ problemi, regional və beynəlxalq mövzuda suallara rusiyalı politoloq və ictimai xadim, ölkəmizin dostu Maksim Şevçenko ilə müsahibədə cavab tapa biləcək.

Jurnalın bu sayında “Nizami Gəncəvi İli” çərçivəsində dahi şairin irsi ilə bağlı yazılar ( “Xəmsə” silsiləsi Şərq renessansının ortaq dəyərlər xəzinəsi kimi…”), habelə müxtəlif mövzularda elmi araşdırmalar da dərc olunub.

Əməkdar artist İlham Nəzərovun qələmə aldığı “Yüzlərlə musiqiçinin yoluna işıq saçan müəllim” portret cizgilərində Milli Konservatoriyanın dosenti Yusif Vəliyevin həyat və yaradıcılığına nəzər salınır. “Uzaqdakı yaxınlar” bölümündə İtaliyada yaşayan və çalışan azərbaycanlı bəstəkar Kəmalə Əlizadənin sənət uğurlarından söhbət açılır.