Azərbaycan ədəbiyyatı tarixində Abdulla Şaiq şair, yazıçı, dramaturq, ədəbiyyatşünas, görkəmli maarif və mədəniyyət xadimi kimi tanınıb. Abdulla Şaiq Azərbaycan uşaq ədəbiyyatının yaradıcılarından biri, milli uşaq dramaturgiyasının banisidir. Ömrünü xalqın maariflənməsinə həsr edən ədib ən çox uşaqlar və gənclər üçün yazıb-yaradıb. Bu əsərlər məktəblərdə indi də tədris edilir. Onun uşaq və gənclər üçün yazdığı əsərlər gözəl lirik şeirlərdən, mənzum və mənsur hekayələrdən, nağıllardan, təmsillərdən və kiçik pyeslərdən ibarətdir .

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elmi-metodika şöbəsi tərəfindən Abdulla Şaiqin (1881-1959) 140 illiyi münasibətilə hazırlanan “Ədəbiyyatımızın sönməz çırağı” adlı vəsait rayon-şəhər mərkəzi kitabxanalarının uşaq şöbələri, MKS-lərin kitabxana filialları üçün nəzərdə tutulub. 

Vəsaitin I hissəsində ədibin həyat və yaradıcılığı haqqında məlumat verilir.

II hissədə virtual kitab sərgisi, onlayn müsabiqələr, “Milli uşaq ədəbiyyatının incilərini yaradan sənətkar” adlı virtual söhbət, “Abdulla Şaiq yaradıcılığında vətənpərvərlik” adlı onlayn dəyirmi masa, “Abdulla Şaiqin bədii və elmi-nəzəri irsi” adlı videokonfrans, ədibin nağılları əsasında çəkilmiş cizgi filmləri,  “Abdulla Şaiqin sözlərinə bəstələnmiş musiqi əsərləri” adlı virtual kitab müzakirəsi, viktorina sualları, videogörüşün planı yer alıb.

Vəsaitdə ədibin “Tıq-tıq xanım”, “Yaxşı arxa”,  “Ovçu Məstan”, “Sehrli üzük” və s. mənzum nağılları, “Tülkü və xoruz”, “Dəvə və siçan”, “Arı və eşşək”, “Tülkü və dəvə” kimi təmsilləri haqqında da məlumat təqdim edilir. 

Metodik vəsaitlə bu linkdə tanış ola bilərsiniz:

https://www.clb.az/milli-ruh-v-mnviyyatmza-iq-salan-abdulla-aiq_d3100.html