Bütün dünyada turizm mövsümünün başlandığı ərəfə may ayı hesab edilir. Bu ayda turizmlə bağlı beynəlxalq səviyyəli tədbirlər daha çox təşkil olunur. May ayı ərzində Mədəniyyət və Turizm Nazirliyi də ölkəmizi bir neçə beynəlxalq turizm sərgisində təmsil edib.
   
   Bunlardan biri də mayın 13-15-də Bəhreynin Manama şəhərində reallaşıb. BİTE-2010 sərgisində ölkəmizi Mədəniyyət və Turizm Nazirliyi Daxili turizmin inkişafı sektorunun baş məsləhətçisi Vüqar Şıxəmmədov, Tədqiqat işləri, statistika və lisenziyalaşdırma sektorunun müdiri Rəhman Oruclu, həmçinin Dövlət Mahnı və Rəqs Ansamblının üzvləri təmsil ediblər.
   V.Şıxəmmədovun bildirdiyinə görə, sərgidə Azərbaycanla yanaşı, 17 ölkədən, o cümlədən İtaliya, Almaniya, Türkiyə kimi turizm sahəsinin yüksək inkişaf etdiyi ölkələrdən turizm fəaliyyəti ilə məşğul olan 52 şirkət iştirak edib: «Azərbaycanın lövhəsinə ziyarətçilər tərəfindən böyük maraq vardı. Nümayəndə heyətimiz sərgiyə özləri ilə ölkəmizin səfalı yerlərinin, tarixi abidələrinin, turizm obyektlərinin, hotellərinin görüntülərini əks etdirən bukletlər, xalçalarımız, mətbəximiz haqqında məlumatlar, Bakının və Azərbaycanın xəritələri, regionlarımız haqqında ərəb və ingilis dillərində ümumiləşdirilmiş kitablar aparmışdı. Ziyarətçilərə Azərbaycanın turizm potensialı haqqında geniş bilgilər verildi. Dövlət Mahnı və Rəqs Ansamblının üzvlərinin çıxışları isə bəhreynlilər və sərginin iştirakçısı olan digər ölkələrin nümayəndələri tərəfindən alqışlarla qarşılandı».
   Həmsöhbətimiz bildirdi ki, Bəhreynin turizm şirkətlərinin nümayəndələri bizə yaxınlaşaraq qarşılıqlı əməkdaşlıqla bağlı konkret təkliflərlə müraciət ediblər. Onlar Azərbaycan Turizm Assosiasiyası və turizm şirkətləri ilə əməkdaşlıqda çox maraqlıdırlar.
   Sərginin davam etdiyi günlərdə Bəhreynin kütləvi informasiya vasitələri də ölkəmizlə bağlı məlumatlara geniş yer ayırıblar. V.Şıxəmmədov deyir ki, sərginin ilk günündə Bəhreyn beynəlxalq televiziyasına müsahibə verib: «Müsahibədə Bəhreynlə Azərbaycanın dörd illik əməkdaşlığı, turizm sahəsində aparılan işlər barədə məlumatlar verdim. Müsahibə Bəhreyn Dövlət Televiziyasının xəbərlər proqramında yayımlandı. Ümumiyyətlə, Azərbaycan haqqında sərgi müddətində hər gün mətbuatda və televiziyada geniş məlumatlar öz əksini tapırdı».
   Bəhreynliləri Azərbaycanda ən çox maraqlandıran turizm növü isə çimərlik və ovçuluq turizmidir. V.Şıxəmmədovun sözlərinə görə, turizmin bu növlərinə maraq bütün ərəb ölkələrində var: «Ərəb ölkələrində indiyə qədər keçirilən bütün turizm sərgilərində bu marağı hiss etmişik. Azərbaycanda ovçuluq turizmi üçün böyük potensial var. Lövhəyə yaxınlaşan əksər ziyarətçilərin ilk sualı bu iki turizm növü ilə bağlı olurdu. Dünyada ölkəmizin turizm potensialını lazımınca tanıtdırmaq üçün belə beynəlxalq səviyyəli sərgilərin iştirakçısı olmaq çox vacibdir. Çünki hər ölkəyə çıxış, yeni-yeni açılışlarda iştirak yeni münasibətlər, yeni əlaqələr deməkdir».
   Qeyd edək ki, Azərbaycan BİTE beynəlxalq turizm sərgisində artıq 3-cü dəfədir iştirak edir.
   
   Fəxriyyə Abdullayeva