Turizm İnstitutunun turizm biznesinin təşkili və texnologiyası kafedrasının müdiri, dosent Bahadur Bilalovun “Azərbaycan turizminin tarixi: keçmişi və gələcəyi” adlı məqaləsi Portuqaliyadakı Guarda Politexnik İnstitutunun “Egitaniya Sciencia” elmi jurnalında çap olunub.
   
   Məqalədə müəllif ölkəmizdə turizmin inkişafı üçün mövcud potensial, ötən əsrin 70-ci illərində ölkəmizdə turizm sənayesinin formalaşması üçün həyata keçirilən tədbirlər və bunun nəticəsində ölkə turizminin inkişafı, bu məsələdə ümummilli lider Heydər Əliyevin xidmətlərini faktlarla işıqlandırıb. Müəllif məqalədə onu da nəzərə çatdırır ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavuzünədək ölkəmizdə turizm yüksələn xətt üzrə inkişaf edib, sonrakı dövrdə bu sahədə böhran olsa da, ölkəmizin dinamik sosial-iqtisadi inkişafı sayəsində turizm sektoru da yenidən dirçəlib.
   Məqalədə müstəqilliyin ilk illərindən Azərbaycan turizminin acınacaqlı durumu, böyük öndərin turizmin inkişafı üçün məqsədyönlü siyasəti - “Turizm haqqında” qanunun qəbulu, Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması, daha sonra Mədəniyyət və Turizm Nazirliyinin təşkili, Azərbaycanın Dünya Turizm Təşkilatına üzv qəbul olunması, 2002-ci ildə ilk dəfə Bakı şəhərində beynəlxalq turizm sərgisinin keçirilməsi, “2002-2005-ci illərdə Azərbaycan Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı” öz əksini tapıb.
   Eyni zamanda, 2004-cü ildən ölkə başçısının qeyri-neft sektorunda turizmin inkişafına xüsusi önəm verməsi, həyata keçirilən tədbirlər nəticəsində turizmin maddi-texniki bazasının, infrastrukturunun sürətli inkişafı və bunun nəticəsində ölkəmizə gələn əcnəbi turistlərin sayının ildən-ilə artması məqalədə konkret faktlarla göstərilib. 
   
   Fəxriyyə Abdullayeva