2021-ci ilin ölkə başçısı tərəfindən “Nizami Gəncəvi İli” elan edilməsi mütəfəkkir şairin ideyalarına yenidən nəzər salmaq üçün əlavə imkandır. Heç şübhəsiz ki, Azərbaycan, ümumən Yaxın Şərq ədəbi-fəlsəfi və ictimai fikir axınının böyük memarı olan Nizami yaradıcılığı klassik irsə münasibətimizdə, eləcə də çağdaş dəyərlər sisteminə yanaşmamızda bir meyar rolunu oynaya bilər. Bu gün həm də şairin irsinə, ideyalar aləminə münasibət məsələsi də gündəmə gəlir və biz belə bir sual qarşısında qalırıq: Nizami kimi dühanı hazırkı qlobal mədəni dəyərlər müstəvisində necə tanımalı və tanıtmalıyıq? Nəzərə alsaq ki, mədəniyyətlərin mübadiləsi zaman-zaman dialoqdan daha çox diktəyə yön alır...

Bu barədə həmsöhbət olduğum ədəbiyyatşünas, tənqidçi, filologiya üzrə elmlər doktoru Elnarə Akimova deyir ki, ümumkulturoloji kontekstdə Dantenin irəli sürdüyü “dünya monarxiyası” ideyası, Şpenqlerin vahid dünya mədəniyyəti anlayışı ki, – bu, onlarda ancaq Qərb mədəniyyətinin varlığı ilə xarakterizə olunur – o zaman dünya və cəmiyyət məsələlərini önə çəkən Nizami irsinin bu mədəniyyətin içindəki yerini, yolunu müəyyənləşdirməliyik: “Nizami irsi İslam Şərqi mədəniyyətinin içindədir. Bu, o dövrün reallığıdır, o dövrdə Azərbaycan ədəbiyyatı deyilən bir anlayış yox idi, ədəbiyyat da büsbütün İslam Şərqi mədəniyyəti içində qərarlaşmışdı. Belə bir əhvalın yetirməsi olan Nizaminin çağdaş qloballaşma proseslərindəki xidməti hansı məqamları ilə spesifik ola bilər. Bu suala verilən cavablar diqqətdə saxlanmalıdır”.

Məlumdur ki, Nizami yaradıcılığında əxlaqi-didaktik ideyalar üstünlük təşkil edir və belə olan halda şairin əsərlərinin həm də uşaq ədəbiyyatı kontekstində, bu meyarlar çərçivəsində təqdimatı önəm kəsb edir. Ədəbiyyatşünasın fikrincə, bu əvəzsiz mənbəyə baxışımızda da müəyyən dəyişiklik şərtdir: “Nizaminin yaradıcılığı əsl ibrətamizlik, didaktika, tərbiyə qaynağıdır. Kiçikyaşlı uşaqları həyatın çətinliklərinə alışdırmaq, əməyə dəyər aşılamaq, sadə insanın hünərini, mənəvi qatın daha üstün olmasını nəzərə çatdırmaq baxımından Nizaminin əsərlərində yetərincə potensial var. Yaxşı olardı ki, Nizaminin hər bir əsərindən bu tələblərə cavab verən çıxarışlar edib kiçik hekayələr meydana qoyulsun. Ötən illərdə “Hədəf” nəşriyyatı “Sirlər xəzinəsi” poemasında yer almış 20 hekayəti bir kitab kimi çap eləmişdi. Belə bir işi həmçinin şairin aforizmləri, qiymətli kəlamları xüsusunda da görmək olar”.

Milli teatrımızın, dramaturgiyamızın Nizami irsinə, onun qarşıya qoyduğu ümumbəşəri məsələlərə yanaşması və ondan səhnə materialı kimi yararlanması da bir neçə cəhddə bitir. Tənqidçinin fikrincə, bu sahədə də müəyyən boşluq var və bu anlaşılan deyil. Çünki dünya teatrı nə qədər yeni meyillərə doğru getsə də, nüvəsindəki klassikadan qopa bilməz: “Dramaturgiya sahəsində Nizamidən necə faydalanmaq olar? Dramaturgiyada bu baxımdan boşluq var. Klassikanı lazımınca tanıtmaq, qiymətləndirmək mənasında uğurlu cəhdlərlə az qarşılaşırıq. Nizamidən bu kontekstdə yararlanmaqla klassikanı, Orta əsrlərin müsəlman sistemi – sosiologiyasını hətta texniki baxımdan modern səviyyədə təqdim etməyin yollarını tapmalıyıq. Amma daha çox şairin bədii irsinin verdiyi imkandan istifadə edib onu dünyaya çatdırmaq olar. Bu, Nizaminin əsərlərindəki insan amilindən keçir, dünya və cəmiyyət məsələlərinin qoyuluşundan keçir və s. Bu gün birlik, humanizm anlayışlarına bəşəriyyətin ehtiyacı dünəndən daha artıqdır. Nizami bu böyük məsələnin həllinə hansı töhfələr verib? Şairin yaradıcılığı əsaslı şəkildə bu prosesə qoşulmağa imkan yaradır”.

Nizami əsərlərində dünyanı küll halında görmək arzusu, qlobal vəhdət, humanizm prinsipi qabarıqlığı ilə təqdim olunur. Onu bütün dövrlərin mövcudluq problemlərinin dəyişməz mənəvi və sosial dəyərlər sınağında dərk etmək mümkündür. Bu mənada rus filosofu və nəzəriyyəçisi Mixail Baxtinin “Özgə mədəniyyət yalnız başqa mədəniyyətin gözü ilə özünü dərindən göstərir” fikri çox dəqiqdir. Dolayısilə klassikanın hər cür oxunuşu labüddür. Avropa ədəbiyyatı hər klassikə münasibətdə bu təcrübəni təkrar-təkrar təqdim edir və etiraf edək ki, bu onlara daha geniş hüdudlara varmaları üçün imkanlar qazandırır. Nizamini də tanış sistemlərlə bərabər, qeyri-tanış sistemlərlə görüşdürmək onun nəhəngliyini meydana qoymaq baxımından əlverişli olardı.

Müsahibimin fikrincə, Nizamini müqayisəli ədəbiyyat kontekstində və təkcə Orta əsrlərin mətnləri ilə qarşılıqlı deyil, daha çox modern rəssamlıq, modern ədəbiyyat və s. modern sənət kontekstində araşdırmaq faydalı olardı: “Baxın, əgər Nizami Höteyə təsir edibsə (“Şərq-Qərb divanı”), Höte də modern sənətə keçid dövrünün – maarifçilikdən romantizmə keçidin təminatçısıdırsa, biz Nizamiyə bir də bu kontekstdən baxmalıyıq.

Modernizmdə bütün kəskinliyi ilə qoyulan fərdilik amili, individuallıq, şəxsiyyət problemi XII əsr dahisi Nizaminin əsərlərində dərinliyi ilə izahını tapır. Azad şəxsiyyət, müstəqil mövcudluq hüququ, əməl və iradədə sərbəstlik şairin bütün əsərlərinin ana xəttini təşkil edir. Burada nə irqi-sosial mənsubiyyət anlayışı var, nə də fərqli coğrafi məkanlara görə qruplaşma meyilləri. Hüquq eyni olduğu kimi, bədii-fəlsəfi süjet xəttinin təmərküzləşdiyi estetik ərazi də vahiddir.

Qərbdə XIX əsrin sonlarında güclənən modernizm dalğasının bir təzahürü olaraq meydana çıxan feminizm fikir axını ilə Nizaminin qadın-kişi münasibətinə yanaşmasını da müqayisə etmək yerinə düşər. Nizaminin əsərlərində bu məsələ silsilə qadın obrazlarının (Leyli, Şirin, Məhinbanu, Nüşabə, Fitnə) simasında öz həllini tapır. Nüşabənin dilindən isə bəyan edilir: “Mən də bir aslanam, düşünsən bir az, Aslanın erkəyi, dişisi olmaz”. Nizaminin qadın qəhrəmanları çadrasız və yaşmaqsız, buxovsuz həyat tərzinin daşıyıcılarıdır. Onların hamısı həya tülünə bürünmüş azman bir qadın ruhunu daşıyırlar özlərində və bütün zaman, dövran qadağaları önündə sərgilədikləri cəsarət, müstəqil düşüncə və hərəkət məqamlarında belə qadınlıq zirvəsindən enmirlər”.

Nizami yaradıcılığında Tanrı məqamı da maraqlıdır. Bir çox tədqiqatçıların fikrincə, Qərbin mənəvi tənəzzül gerçəkliyində Yaradan ilə bağın qırılmasının böyük rolu var. Tutacaq bir nəsnə, dirənəcək bir arxa hiss etməyən insanın depressiyaya düşməsi, dünyaya qarşı müqavimət əzmini itirməsi məhz bu səbəbdəndir və bu gün də onun ciddi fəsadları ilə qarşılaşırıq.

Həmsöhbətim bildirir ki, Orta çağ ədəbiyyatı daha çox dini düşüncənin, inanclar sisteminin təsiri altında formalaşıb, ədiblər əsasən dini dünyagörüşü hüdudlarında gəzişiblər. Bu düşüncə, dini baxış sistemi azad fikrin inkişafını əngəlləyir, daha çox elm və fəlsəfəni dinlə birləşdirməyə və bu yolla öz mövqeyini möhkəmləndirməyə çalışırdı: “XV əsrdən başlayaraq dünya ədəbi-fəlsəfi fikrində yeni düşüncə dövrü başladı. Bəşəriyyət sxolastik düşüncəyə vida etməyə, üzünü antik ədəbiyyata tutub, bu ədəbiyyatın örnəklərini yeni zamanın müstəvisinə çıxarıb onları diriltməyə çalışdı. Dünya ədəbiyyatında İntibah dövrü başladı. Humanizm ideyası, insan konsepsiyası yenidən sənətin, ədəbiyyatın mərkəzində dayandı. Antik yunan düşüncəsi insana önəm verən bir sistem kimi irəli çəkildi. Halbuki dünya ədəbiyyatında XV əsrdə önə çıxan insan amili bizim milli ədəbiyyatımızda hələ XII əsrdə Nizaminin poemalarında konsepsiya səviyyəsində idi. Bu poeziyada Allah sevgisi qabarıqdır, amma bu sevgi doqmatik anlayış səviyyəsində deyil, insanı qul, kölə kimi görmür. Burada insan şəxsiyyətini qoruyan, öz mahiyyətini müxtəlif yönlərdən ortaya qoymağa çalışan fərddir. Nizami dini buxov hiss eləmirdi, avropalı islahatçılardan fərqli olaraq bu təcrübənin predmetinə Allahı qoymurdu. Allaha inam Nizamidə heç bir halda şübhə altına alınmır. Əksinə, bu poeziyada şükranlıq və minnətdarlıq hissi öndədir. Biz Nizamini özümüzə də, dünyaya da, bütün insani və dini dəyərlərin təbliğçilərinə də məhz bu yöndən təqdim etməliyik”.

Nəticə olaraq deyək ki, bu gün bütün irəli dəyərlərin daşıyıcısı və təbliğçisi olan böyük bir qisim artıq harmoniya, ümumi və sadə dialoq axtarışındadır. Şübhəsiz ki, bu mənada da Nizami irsi bir istiqamət, hərəkətverici qüvvədir. Bacardıqca onu bütün bəşəriyyətlə görüşdürməyin daha geniş yollarını tapmalıyıq.

Həmidə NİZAMİQIZI