Aprelin 16-da dünyasını dəyişən görkəmli kinorejissor, Xalq artisti, Dövlət mükafatı laureatı Eldar Quliyev aprelin 18-də torpağa tapşırılıb.

Sənətkar, özünün vəsiyyətinə uyğun olaraq, Bakıdakı "Qurd qapısı" qəbiristanlığında, həyat yoldaşı Anjela Quliyevanın məzarı yanında dəfn edilib.

Rejissorun övladları xarici ölkələrdə yaşadıqları üçün onların iştirakı ilə əlaqədar dəfn bu günə təyin olunub. Sənətkarla vida mərasimi “Təzə Pir” məscidində keçirilib. Mərhumun ölkə xaricində yaşayan qızları Nərminə və İradə Quliyeva da mərasimə qatılıblar.

Pandemiya ilə əlaqədar ailəsi tərəfindən dəfndə kənar şəxslərin iştirak etməməsi xahiş olunub.

Rejissorun məzarı önünə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın adından, həmçinin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, yaradıcılıq təşkilatları və digər qurumlar adından xatirə əklilləri qoyulub.