Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) və Daşkənddəki Toxuculuq və Yüngül Sənaye İnstitutunun birgə təşkilatçılığı ilə “Dünya sivilizasiyasının inkişafında türk dillərinin rolu” adlı beynəlxalq onlayn konfrans keçirilib.

Konfransa Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Özbəkistandakı Heydər Əliyev adına AMM-in direktoru Samir Abbasov, Azərbaycan Mədəniyyət Nazirliyinin TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı, Azərbaycan, Türkiyə və Özbəkistanın elm, təhsil, mədəniyyət nümayəndələri qatılıblar.

İnstitutun rektoru, professor İlhom Sabirov çıxışında Özbəkistanın türk dünyasındakı yerindən söz açıb, ölkəsinin 2018-ci ildə Türk Şurasına üzv olmasını mühüm hadisə adlandırıb.

Samir Abbasov türk dillərinin zənginliyindən bəhs edərək bildirib ki, bu dillərdə İmadəddin Nəsimi,  Məhəmməd Füzuli, Əlişir Nəvai, Yunus Əmrə, Babur, Xarəzmi və digər ədib və mütəfəkkirlər əsərlər yaradıb. AMM-in gördüyü işlər haqqında məlumat verən S.Abbasov qeyd edib ki, Nizami Gəncəvinin “Xəmsə”si Özbəkistanın Xalq şairi Camal Kamalın tərcüməsində özbək dilində işıq üzü görüb, professor Ramiz Əskər Əlişir Nəvainin “Xəmsə”sini Azərbaycan dilinə çevirib.

AMM-in direktoru türk xalqlarının dillərinin bir-birinə yaxınlaşdırılması məqsədilə islahatların aparılması, bu istiqamətdə Türk Şurası ölkələri alimlərinin əməkdaşlığı barədə təkliflərlə çıxış edib.

Qənirə Paşayeva xalqların formalaşmasında dil və mədəniyyətin böyük əhəmiyyət kəsb etdiyini bildirib. O, son 30 ildə - müstəqillik dövründə türk xalqlarının öz kökünə qayıtması istiqamətində böyük yol qət etdiyini vurğulayıb. Bu il Azərbaycanda “Nizami Gəncəvi İli” elan olunduğunu bildirən deputat bu istiqamətdə görülən işlər haqqında da söhbət açıb. Millət vəkili ortaq türk keçmişindən ortaq türk gələcəyinə gedən yolda bütün türk soylarına uğurlar arzulayıb.

Elçin Qafarlı çıxışında TÜRKSOY-un türk dünyasının dahi şəxsiyyətləri ilə bağlı həyata keçirdiyi layihə və tədbirlərdən bəhs edib, xüsusilə təşkilatın “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin əhəmiyyətini diqqətə çatdırıb.

Onlayn konfransda digər çıxış edənlər türk dünyasının tarixi, mədəniyyəti, ədəbiyyatı haqqında söhbət açıblar.