Hər il mayın 18-i dünyada Beynəlxalq Muzeylər Günü (İnternational Museum Day) kimi qeyd olunur. Bu gün 1977-ci ildə Beynəlxalq Muzeylər Şurasının (İCOM) 11-ci konfransında təsis edilib. 1978-ci ildən etibarən dünyanın əksər ölkələri əlamətdar günü qeyd edir.

Muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərmək, xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək etmək məqsədilə təsis olunmuş bayram İCOM-un təşəbbüsü ilə hər il müəyyən deviz altında keçirilir. Bu il Beynəlxalq Muzeylər Günü üçün “Muzeylərin gələcəyi: dirçəliş və yeni baxış” devizi seçilib.

Əlamətdar gün qədim tarixə və mədəni irsə, o cümlədən muzey işi sahəsində zəngin təcrübəyə  malik Azərbaycanda hər il çeşidli tədbirlərlə qeyd edilib. Azərbaycan dövlətinin mədəniyyət siyasəti nəticəsində son illər muzeylərimizin dünyanın nüfuzlu muzeyləri ilə əlaqələri genişlənib, qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qurulub.

İkinci ildir ki Beynəlxalq Muzeylər Günü, dünyanın bir çox ölkələrində olduğu kimi, respublikamızda da pandemiyanın gətirdiyi məhdudiyyətlər fonunda, əsasən onlayn tədbirlər və təqdimatlarla qeyd olunur. Bu dövrdə insanlar daha çox virtual turlar vasitəsilə muzey ekspozisiyaları ilə tanış ola biliblər. Eyni zamanda, karantin qaydalarının qismən yumşalmasından sonra, müəyyən şərtlərə riayət edərək, muzeyləri fərdi və məhdud sayda qruplarla ziyarət etmək mümkündür.

NURƏDDİN