18 may – Beynəlxalq Muzeylər Günü qardaş Türkiyədə də müxtəlif tədbirlərlə qeyd olunur. Ölkənin Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, muzeyşünaslar və muzey könüllüləri onlayn tədbirlər vasitəsilə görüşürlər. Beynəlxalq Muzeylər Gününün builki devizinə də uyğun olaraq, Türkiyədəki muzeylərin gələcəyi onlayn seminarlarda müzakirə edilir.

Nazirliyin Mədəni İrs və Muzeylər Ümumi Müdirliyi ilə Beynəlxalq Muzeylər Şurasının (İCOM) Türkiyə Milli Komitəsinin əməkdaşlığı çərçivəsində keçirilən seminarların birincisində, ICOM-un 2021-ci il üçün müəyyən etdiyi “Muzeylərin gələcəyi: dirçəliş və yeni baxış” (“təkmilləşdirin və yenidən xəyal edin”) deviz çərçivəsində təqdimatlar edilib.

Türkiyənin bir sıra aparıcı muzeylərinin mütəxəssislərinin qatıldığı vebinarlar aşağıdakı başlıqlar altında gerçəkləşdirilib; "Muzeylər çağdaş dünyada nəyə nail ola bilər?", "Muzeyin institusional dizaynı", "Muzeylərin ictimai-sosial rolu və davamlılığı", "İqlim dəyişikliyinin təsirində muzeylərin davamlılığı", "Rəqəmsal çevrilmə – rəqəmsallaşma”, “Muzeylərdə texnologiya və yeni muzeyşünaslıq tətbiqləri”.

Onlayn seminarlarda Troya Muzeyi, Konya Muzeyi, Alanya Muzeyi, Qaziantep Muzeyi, Qalata Mövlevi Muzeyi, Aydın Muzeyi, Kocaeli Muzeyi, Van Muzeyi və Efes Muzeyi və digər muzeylərdən mütəxəssislər iştirak edib.

Qeyd edək ki, Beynəlxalq Muzeylər Günü çərçivəsində nəzərdə tutulan seminarlar  mayın 21-ə qədər davam edəcək. Həftə ərzində yayımlanan vebinarlar 22 mayda Kocaeli Muzeyi tərəfindən təşkil ediləcək tədbirlə başa çatacaq.

Həmçinin Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrs və Muzeylər Baş İdarəsi sosial media hesabları vasitəsilə muzeyləri təbliği mövzusunda paylaşımlar edib.

Mehparə SULTANOVA
Ankara