Qarşıdan 11 ayın sultanı olan Ramazan ayı gəlir. Müsəlman aləmində bu ayda inanclı insanlar savab işlərinin sayını artırır, imkanlılar kasıblara əl tutur. Turizm sektorunda çalışanlar da bu baxımdan müəyyən güzəştlər nəzərdə tuturlar.
   
   Məsələn, Ramazan ayı üçün Türkiyədə, Dubayda və bir çox digər müsəlman ölkələrində fəaliyyət göstərən hotel və mehmanxanalar turistlər üçün xüsusi qiymət təklifləri hazırlayıblar. Türkiyə mətbuatının yazdığına görə, bu il Ramazan ayının turizm mövsümü ilə üst-üstə düşməsi səbəbindən hotellər bu ayda qiymətlərdə əhəmiyyətli dərəcədə endirim edəcək. Belə ki, bir çox mehmanxanalar turistləri cəlb etmək məqsədilə qiymətlərində 70% güzəşt etməyi nəzərdə tutur, bir çox hotellərdə 1 nəfər üçün nömrələr 150-170 lirədən 40 lirəyə (20 manat) endirilib.
   Bəs Azərbaycanda necə, turizm obyektlərində hər hansı endirimlər nəzərdə tutulurmu? Sualımıza aydınlıq gətirmək üçün bir necə istirahət mərkəzi və turizm şirkətləri ilə əlaqə saxladıq.
   Novxanıda yerləşən «Olimpik» istirahət mərkəzinin qeydiyyat şöbəsinin müdiri Fuad Mehrəliyev deyir ki, mərkəzdə Ramazanla bağlı hər hansı qiymət endirimi nəzərdə tutulmur. Amma orucluq ayı müddətində müəyyən tədbirlərin keçirilməsi, o cümlədən iftar yeməyinin verilməsi ilə əlaqədar rəhbərlikdə müzakirələr aparılır.
   «Atlant» istirahət mərkəzindən zəngimizə cavab verən xanım «bizdə heç bir Ramazan tədbiri nəzərdə tutulmur» deyib dəstəyi asdı. Təkrar zəng edib rəhbərliklə danışmaq istədiyimizi bildirdikdə isə «rəhbərlik məşğuldur, sualınıza da mən cavab verdim» dedi.
   Növbəti müraciət etdiyimiz ünvan Novxanıdakı «Aqua Park» istirahət mərkəzi oldu. Mərkəzin ofis meneceri Kəmalə Səfərova digər müsahiblərimizdən fərqli olaraq onlarda Ramazan ayında müxtəli tədbirlər və qiymət endirimləri olduğunu dedi. Belə ki, adıçəkilən istirahət mərkəzində indiyə qədər qiyməti 120 manat olan ikinəfərlik nömrələr Ramazan müddətində 70 manat olacaq. Digər otaqların da qiymətləri müvafiq olaraq dəyişəcək.
   Dubaydan sərfəli təkliflər var
   
   Sualımıza savab verən turizm şirkətlərinin rəhbərləri isə tamamilə başqa fikirlər söylədilər. R&R Travel turizm şirkətinin rəhbəri Rüstəm Əhmədovun sözlərinə görə, Ramazan ayı üçün Azərbaycanın turizm məkanlarından qiymətlərin endirilməsi ilə bağlı hər hansı təklif gəlməyib. Amma belə təklifləri daha çox Dubaydakı istirahət mərkəzlərindən və hotellərdən alıblar: «Təəssüf lki, turizm müəssisələri bu məsələlərdə kommersiya maraqlarını daha üstün tuturlar. Hələ ki, ölkəmizdəki turizm müəssisələrindən endirim təklifləri gəlməyib. Amma Dubayda Ramazan endirimləri çoxdur. Təsəvvür edin ki, bu ölkədə 4 ulduzlu hoteldə indiyə qədər iki nəfərlik otaqda, səhər yeməyi də daxil, qalmaq 100 dollar idisə, Ramazan ayında bu qiymət 58 dollara düşüb».
   R.Əhmədov deyir ki, hələlik xüsusi olaraq bu hotellərdə qalmaq üçün sifarişlər almasalar da, maraqlananlar çoxdur.
   «Sevgin Travel» turizm şirkətinin rəhbəri Bahadur Bilalovun dediyinə görə, Ramazan günləri ilə əlaqədar olaraq xüsusilə Türkiyədə bütün kommersiya müəssisələrində endirimlər olur: «Bizdə isə təəssüflər olsun ki, bunun tamamilə əksi baş verir. Bütün bayramlarda bazarda qiymətlər qalxır. Bu hal Ramazan günlərində də davam edir. Biz qiymət endirimlərini hələlik sadəcə arzu edə bilərik».

  Fəxriyyə Abdullayeva