Avqustun 25-də Antalyada «Lara Beach» hotelində «Skal-İnternational» beynəlxalq turizm təşkilatının Bakı və Antalya klublarının təmsilçiləri bir araya gəliblər. Klublar rəsmi olaraq əkiz-klublar elan ediliblər.
   
   Bu barədə məlumat verən «Skal-Bakı»nın rəhbəri Ruslan Quliyev bildirib ki, 2010-cu ilin aprelində Bakıda «Skal-İnternational» beynəlxalq turizm təşkilatının Antalya və Bakı klublarının rəhbərləri arasında əkiz klubların yaradılması ilə bağlı saziş imzalanıb. Onun sözlərinə görə, «Skal-İnternational» təşkilatında belə bir təcrübə var. Müxtəlif şəhərlərin «Skal» klubları bir-birinin təcrübəsindən yararlanmaq məqsədilə saziş imzalayırlar: «Bakı və Antalya skalçılarının bir araya gəlməsi Türkiyə ictimaiyyəti tərəfindən olduqca böyük maraqla qarşılandı. Tədbirlə bağlı məlumatlar avqustun 26-da Antalya qəzetlərinin əksəriyyətində yer almışdı».
   Təşkilat rəhbəri bildirdi ki, artıq əməkdaşlıq çərçivəsində Azərbaycanın turizm sektorunda çalışan insanların təcrübələrinin artırılması məqsədilə onlara türkiyəli mütəxəssislərin treninq-kurslar keçməsi ilə bağlı Antalya skalçıları ilə razılığa da gəliblər: «Növbəti ildən Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə bu treninqlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur».
   Söhbət əsnasında R.Quliyev onu da bildirdi ki, sentyabrın 4-də «Skal-Bakı»nın 1 yaşı tamam olur. Yarandığı az bir müddətdə bir çox genişmiqyaslı layihələrin təşkilatçısı olan «Skal-Bakı» skal klubları içərisində ən gənc “Twin Club”dur.
   Antalya «Skal» klubunun rəhbəri Umman Çetinbaşın Türkiyə mətbuatına verdiyi açıqlamaya görə isə, belə bir sənədin imzalanması hər iki klubun üzvləri üçün sərfəlidir. Bundan sonra Antalya və Bakı skalçıları daha yaxından əməkdaşlıq edəcəklər.
   Qeyd edək ki, «Skal İnternational» 1934-cü ildə beynəlxalq assosiasiya kimi yaradılıb və bütün turizm-səyahət sektorlarını əhatə edir. Qurum turizm sahəsində keyfiyyətin yüksəldilməsini və bu sənayedə çalışan peşəkarlar arasında əməkdaşlığın genişləndirilməsini qarşısına məqsəd qoyub. Hazırda «Skal İnternational»ın 90 ölkəni təmsil edən 22 min nəfər üzvü var.

 Fəxriyyə