Tovuz rayonunun Göytəpə ərazisində neolit dövrünə aid yaşayış yerində arxeoloji qazıntılar davam etdirilir. Burada üzə çıxarılan tikili qalıqları və əmək alətləri Azərbaycanın ilkin sivilizasiya məskənlərindən biri olduğunu təsdiqləyir. Gələcəkdə burada muzey yaradılması və turizm marşrutlarına daxil edilməsi nəzərdə tutulur.    

   Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası Yaponiyanın Tokio Universitetinin əməkdaşları ilə birgə artıq 3 ildir ki, Tovuz rayonunun Göytəpə ərazisində arxeoloji qazıntı aparır. Burada Cənubi Qafqazın tarixinin öyrənilməsi baxımından analoqu olmayan maddi-mədəni abidələr aşkarlanıb. Üzə çıxarılan mədəni təbəqə eramızdan əvvəl 6-cı əsrdə bu ərazidə yaşayan insanların həyat şəraitini, məşğuliyyətini öyrənməyə imkan verir. Tədqiqatlar Azərbaycanın ilkin sivilizasiya məskənlərindən biri olduğunu bir daha sübut edir.
   Aşkar olunan maddi-mədəni təbəqənin bir hissəsi yerində öyrənilir, bir hissəsi isə Tokio Universitetində kimyəvi-laborator analizlərindən keçirilir. Bu günlərdə Yaponiya səfiri Masamitsu Oki də Tovuz rayonunun Göytəpə kəndinə gələrək burada aparılan arxeoloji qazıntı ilə tanış olub.
   Göytəpə qədim yaşayış məskəninin konservasiya olunaraq açıq havada muzeyə çevrilməsi nəzərdə tutulur. Mədəniyyət və Turizm Nazirliyi bu barədə tədbirlər planı hazırlayıb.

Fəxriyyə