Onlayn görüş və konsert

 

İyunun 22-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) və Estoniya Musiqi və Teatr Akademiyasının təşkilatçılığı ilə BMA-nın 100 illiyi münasibətilə onlayn  bağlantı və konsert keçirilib.

Əvvəlcə Xalq artisti, professor Yeganə Axundova çıxış edərək Prezident İlham Əliyevin 2021-ci il 26 may tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyinin qeyd edilməsi ilə əlaqədar sərəncam imzaladığını və yubiley münasibətilə bir sıra tədbirlərin keçirildiyini və bundan sonra da davam edəcəyini bildirib.

Sonra Bakı Musiqi Akademiyasının rektoru, SSRİ Xalq artisti, professor Fərhad Bədəlbəyli, Estoniya Musiqi və Teatr Akademiyasının rektoru, professor İvari İlja videoformatla çıxış ediblər. Hər iki rektor Estoniya və Azərbaycanın dost ölkələr olaraq daim bir-birinin mədəniyyətinə hörmətlə yanaşdıqlarını vurğulayıblar.

Professor İvari İlja Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə təbrik sözlərini çatdıraraq, bu təhsil ocağının musiqi tarixində böyük rol oynamasını və dünyaca məşhur, görkəmli musiqiçilər yetişdirdiyini, böyük nailiyyətlər əldə etdiyini bildirib.

Xoş sözlərə və təbriklərə görə Estoniya Musiqi və Teatr Akademiyasının rektoruna və bütün kollektivinə dərin təşəkkürlərini bildirən F.Bədəlbəyli öz növbəsində İvari İljanın istedadlı bir ifaçı olduğunu vurğulayıb, həmkarını Azərbaycana dəvət edib.

Çıxışlardan sonra Estoniya Musiqi və Teatr Akademiyasının və BMA-nın tələbələri geniş konsert proqramı ilə çıxış ediblər.