Parisdə yaşayan həmvətənimiz, beynəlxalq müsabiqələr laureatı, pianoçu-bəstəkar Etibar Əsədlinin təşəbbüsü ilə Vətən müharibəsinə həsr olunan “Xarıbülbül” musiqi albomunun hazırlanması haqqında məlumat vermişdik.

Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi ilə ərsəyə gələn “Xarıbülbül” (“Kharibulbul”) musiqi albomu ictimaiyyətə təqdim olunub. Layihənin layihənin musiqi redaktoru Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının şöbə müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətovdur.

Layihənin adı ilə Vətən müharibəsinin simvoluna çevrilmiş xarıbülbülün adının eynilik təşkil etməsi heç də təsadüfi deyildir. Bu qələbədə Ali Baş Komandanın ətrafında sıx birləşən dünyanın dörd bir yanında yaşayan həmvətənlərimizin birliyi və bərabərliyi bu layihədə də əksini tapıb. Müxtəlif ölkələrdə (Fransa, ABŞ, Türkiyə, İtaliya) yaşayan istedadlı həmvətənlərimizin ifasında hazırlanan bu musiqi albomu Ali Baş Komandana, müzəffər Ordumuza və özünü azərbaycanlı sayan hər bir insana hədiyyədir.

Diskdə Azərbaycan musiqilərinin ən gözəl nümunələri, bəstəkar mahnıları yer alıb. Diskin içində xarıbülbül çiçəyi və ifaçılar haqqında ingilis dilində məlumat da verilib.

Musiqi albomunun hazırlıq işləri Parisdə və Bakıda aparılıb. Albomda Etibar Əsədli, İlham Nəzərov, Müşfiq Quliyev, Sahib Əsədli, Elnur Hüseynov, Tutu Aydınoğlu, Şəhriyar İmanov, Samirə Əfəndi, Məhərrəm Hüseynov, İsmayıl Zeynalov, İmamyar Həsənov, Ələfsər Rəhimov, Ağarəhim Quliyev və başqalarının ifaları yer alıb. İfalarla yanaşı, musiqi alətlərinin də seçiminə xüsusilə diqqətlə yanaşılıb. Diskdə tar, kamança, balabanda ifalar milli musiqimizin dünyada tanıdılmasına töhfədir.