Fevralın 19-da M. F. Axundov adına Milli Kitabxanada Azərbaycanın bir sıra şəhərləri (Bakı, Şuşa və s.) haqqında kitabların müəllifi, akademik Çingiz Qacarın “Qədim Bakı” adlı kitabının ingilis dilindəki nəşrinin təqdimat mərasimi “Bakı-İslam Mədəniyyətinin Paytaxtı-2009” tədbirləri çərçivəsində reallaşdı.
   Azərbaycan Mədəniyyətinin Dostları Fondu tərəfindən dəstəklənmiş “Qədim Bakı” kitabının ingilis variantı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr edilmişdir.
 
 

  Kitabda İslam mədəniyyətinin paytaxtı elan olunmuş Bakı şəhərinin tarixi, mədəniyyəti, bu şəhərə məxsus ənənələr haqqında məlumat verilir, həmçinin nadir sənədlər, fotoşəkillər nümayiş olunur.
   Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev müəllifin Qacar nəslindən olduğunu qeyd etdi: “Bugünkü təqdimat yenə Bakının adı ilə bağlıdır. Bakı qədimliyi ilə bərabər, həm də çox müasirdir. Müasir Bakını biz bu gün yaşayır və görürük. Qədimliyi ilə yanaşı, müasirləşən Bakının günü-gündən inkişaf etməsi və gözəlləşməsi paytaxt sakinləri ilə yanaşı şəhərimizin qonaqları tərəfindən də maraqla qarşılanır. Biz Bakının qədimliyini, mədəni irsini qorumağa çalışmışıq və buna davam edirik. Mən inanıram ki, bu kitabı vərəqləyən hər bir insan Bakı haqqında geniş məlumat əldə edəcək”.  Mərasimdə Azərbaycanda səfərdə olan İSESKO-nun baş direktoru Əbdüləziz Osman Əl-Tuveycri, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun icraçı direktoru İbrahim Quliyev, Gürcüstanın mədəniyyət nazirinin müavini Marine Çokaşvili və başqaları çıxış edərək kitab barədə düşüncələrini iştirakçılarla bölüşdülər.
   Qeyd edək ki, “Qədim Bakı” kitabı Azərbaycan və rus dilində də nəşr olunub.
   
    Turan