Oktyabrın 20-də Azərbaycan Milli Kulinariya Mərkəzinin və Xəzər Universitetinin birgə təşkilatçılığı ilə Bakıda “Beynəlxalq kulinariya günü” qeyd edildi. Dünyada 7-ci dəfə, Azərbaycanda isə 4-cü dəfə keçirilən bayramda Azərbaycanın məşhur kulinarları, ictimai xadimləri, ictimaiyyət nümayəndələri ilə bərabər, 8 ölkədən kulinariya sənəti üzrə araşdırmaçılar, mütəxəssislər də iştirak edirdilər.
   
   Azərbaycan Milli Kulinariya Mərkəzinin icraçı direktoru Nailə Mürsəlova bildirdi ki, belə bir günü keçirməkdə məqsəd kulinariya sənətini, aşpazlığın nə qədər əhəmiyyətli bir peşə olduğunu təbliğ etməkdir: «Azərbaycanın ən məşhur aşpazları bu tədbirdə öz bacarıqlarını nümayiş etdirirlər. Yeri gəlmişkən, mərkəzimizin bir qrup əməkdaşı bu günlərdə Çində beynəlxalq kulinariya tədbirində iştirak edirlər. Daha bir qrup aşpazımız isə noyabrın 2-5-də Moldovanın paytaxtı Kişinyovda keçiriləcək beynəlxalq kulinariya konfransında ölkəmizi təmsil edəcək».
   N.Mürsəlova Milli Kulinariya Mərkəzinin ötənilki uğurlarından da danışdı. Onun sözlərinə görə, 2009-cu il ərzində mərkəzin aşpazları 15-ə yaxın beynəlxalq əhəmiyyətli yarışlarda iştirak edib və hər dəfə də qızıl və gümüş medallarla qayıdıb. Mərkəz ölkə daxilində keçirilən 7 kulinariya tədbirinin təşkilatçısı olub.
   Sonra N.Mürsəlova tədbirdə iştirak edən xarici nümayəndələrə, eləcə də bu günlərdə Çinin Şanxay şəhərində keçirilən «EXPO-2010» sərgisində Azərbaycan milli mətbəxini layiqincə nümayiş etmiş Milli Kulinariya Mərkəzinin əməkdaşlarına diplomlar təqdim etdi.
   Qeyd edək ki, “Beynəlxalq kulinariya günü” münasibətilə keçirilən tədbirdə Kanada, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Rusiya, Fransa və Türkiyədən nümayəndələr iştirak edirdilər. Fransalı kulinariya sənəti araşdırmaçısı, professor Denis Saillard qəzetimizə açıqlamasında bildirdi ki, Bakıya üçüncü dəfə səfər edir və hər gəlişində də Azərbaycan mətbəxinə daha yaxından bələd olmaq imkanı qazanır: «Hər hansı bir xalqın mədəniyyətini tanımaq üçün ilk növbədə onun mətbəxini öyrənmək lazımdır. Azərbaycan mətbəxi o qədər zəngin və rəngarəngdir ki, onu bir neçə dəfə buraya gəlməklə tədqiq etmək və tanımaq mümkün deyil. Mətbəx mədəniyyəti deyəndə yalnız xörəklərin dadı nəzərdə tutulmur. Xalqınızın süfrəni bəzəmək, hansı təamı nə vaxt təqdim etmək kimi özünəməxsus adətləri var ki, bunlar da Azərbaycan mətbəxini fərqləndirən başlıca xüsusiyyətlərdəndir».
   Kulinariya bayramı Xəzər Universiteti tələbələrinin ifasında hazırlanan milli rəqs nümunələri ilə davam etdirildi. 
 

    Fəxriyyə Abdullayeva