Oktyabrın 20-də Azərbaycan Turizm İnstitutunda burada ilk əmək fəaliyyətinə başlayan, dünənin tələbəsi - bu günün turizm ixtisaslı kadrlarına əmək kitabçalarının təqdim olunması mərasimi keçirilib. Bu il institutu bitirən məzunların 5 nəfəri təhsil aldığı doğma ali məktəbdə işə qəbul edilib.
   
   ATİ-nin rektoru, tarix elmləri doktoru Cəfər Cəfərov daha yaxşı oxuduqları, ictimai işlərdə fərqləndikləri və layiqli məzun adını daşıdıqları üçün doğma kollektivdə çalışmaq imkanı qazanan 5 gəncin hər birinə ayrı-ayrılıqda təntənəli şəkildə əmək kitabçası təqdim edib. “Ölkənin qocaman ali təhsil ocaqları içərisində yeni ənənəyə imzanı biz atdıq. Əsas vəzifəmiz sayılan təhsil və tədris prosesində yüksək nəticələr qazanmaq hər birimizdən ciddi fəallıq, çalışqanlıq, etimadı doğrultmağı tələb edir. İlk əmək kitabçası alan gənclərimizi təbrik edirəm, işlərində müvəffəqiyyət arzulayıram. Sizlərə inamımız böyükdür”, - deyə rektor bildirib.
   Qeyd edək ki, bu il institutun ilk buraxılışında məzun adını qazanan 74 nəfərdən 21-i qız, 53-ü oğlandır. Onlardan 14 nəfəri həm ATİ-nin, həm də Avstriyanın Krems Universitetinin diplomunu alıb. İnstitutu bitirən gənclərdən 40 nəfər hazırda vətən qarşısında borcunu yerinə yetirir, 1 nəfər - Tərlan Quliyev Maldiv adasının turizm agentliyində ixtisasına uyğun fəaliyyətə başlayıb, 5 nəfər ölkəmizin müxtəlif turizm obyektlərində işə qəbul edilib.
   

Fəxriyyə Abdullayeva