Noyabrın 29-dan başlayaraq Bakı Turizm İnformasiya Mərkəzi və “Millennium Tourism & Congress”in həyata keçirdiyi birgə layihə çərçivəsində Bakı şəhərində gündəlik şəhər turlarına start verildi. Əsasən xarici qonaqlar üçün nəzərdə tutulan turlar hər gün saat 12.00-da Azadlıq meydanından başlayacaq, 17.00-da isə Opera və Balet Teatrının yanında yekunlaşacaq. 
   
   Turlar Azadlıq meydanı-Rəşid Behbudov-A.Bakıxanov-İnşaatçılar-Şəhidlər xiyabanı-Funikulyor-Azneft meydanı-İçərişəhər-Qız qalası-Şirvanşahlar sarayı və Opera və Balet Teatrı marşrutu üzrə keçiriləcək.
   Layihə ilə bağlı məlumat verən “Millennium Tourism & Congress” şirkətinin rəhbəri Ruslan Quliyevin sözlərinə görə, ölkəmizdə turizmin təbliği məqsədilə reallaşdırılan bu yeni layihə dünya təcrübəsinə əsaslanır: “İndiyə qədər Paris, Dubay və digər şəhərlərdə belə bir təcrübə tətbiq edilib və effekti də yüksək olub. Bizim turlarda iştirak kart sistemi ilə mümkün olacaq. Buraya mehmanxanalar, restoranlar, nəqliyyat qovşaqlarının əməkdaşları cəlb olunacaq. Azərbaycan Turizm İnstitutunun tələbələrini də bu turlara dəvət etmişik. Bununla onlar həm öyrənirlər, həm də öyrəndiklərini tətbiq etmək vərdişinə yiyələnirlər. Hesab edirəm ki, bu layihə ənənə şəklində davam etdiriləcək. Bakı siti-tur London, Fransa, Moskva və Dubay siti-turları kimi bütün dünyada əks-səda verəcək».
   R.Quliyev bildirdi ki, bu layihənin uğurla həyata keçirilməsi Azərbaycan mədəni irsinin təbliği və turizm potensialımızın tanıtdırılması yönündə atılan mühüm addımlardan biridir.
   Bakı Turizm İnformasiya Mərkəzinin turizm işi üzrə baş mütəxəssisi Bəxtiyar Qılıncov isə qeyd edir ki, sözügedən turların təşkili «Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı»nın tələblərindən irəli gəlir: “Bu sənədin əsas məqsədlərindən biri də ondan ibarətdir ki, Azərbaycanda yüksək iqtisadi-sosial və ekoloji tələblərə cavab verən müasir turizm xidməti sahələri formalaşdırılsın, qeyri-neft sektorunda turizm sahəsi gəlir gətirən sahə kimi inkişaf etdirilsin, eləcə də yüksək keyfiyyətli xidmətin yaradılması və davamlı inkişafı təmin edilsin. Bunları nəzərə alaraq, Azərbaycanın turizm potensialının və mədəni irsinin daha geniş təbliğ olunması, eyni zamanda gənc bələdçilərin peşəkar səviyyədə formalaşdırılması məqsədilə Bakı Turizm İnformasiya Mərkəzi və «Millennium Tourism & Congress» birgə «Gündəlik şəhər turu gəzintisi» layihəsinin həyata keçirilməsini qərara aldı. Bələdçi layihənin əhatə etdiyi bütün marşrut boyu yerləşən tarixi abidələr, mədəniyyət ocaqları və digər obyektlərlə bağlı tur iştirakçılarına ətraflı məlumat verəcək».
   «Millennium Tourism & Congress»in əməkdaşı, Bakı siti-tur layihəsinin müəllifi Bəxtiyar Əliyev bildirdi ki, 2 ilə yaxındır adıçəkilən layihə üzərində iş gedir, burada dünya təcrübəsindən istifadə edilib: «Layihə ilə bağlı Ruslan Quliyev London və Paris, mən isə İstanbul və Dubay şəhərlərində olduq, oradakı siti-turlarda iştirak etdik. Sonda Dubay variantını daha uyğun bildik. Hazırda təqdim etdiyimiz Bakı siti-turu Dubay variantına daha yaxındır. Çünki Bakı şəhərinə uyğun olan məhz bu variant idi. Layihə əsasən şəhərimizə tək-tək gələn turistlər üçün nəzərdə tutulub. Bu, onlara həm maddi baxımdan sərf edir, həm də az vaxt içərisində Azərbaycan haqqında daha geniş məlumat ala biləcəklər. Bundan başqa, turlarda tələbələr, uşaqlar pulsuz iştirak edəcəklər».
   Azadlıq meydanından başlayan ilk turun iştirakçılarından biri də biz olduq. Bələdçi Süleyman Süleymanov tur çərçivəsində keçilən marşrut üzərində olan və bəzi hallarda olmayan tarixi-mədəniyyət abidələri, muzeylər, binalar və ümumilikdə Azərbaycan haqqında iştirakçılara geniş məlumatlar verirdi. Beş saat ərzində Bakının əksər küçə və meydanlarında olan tur iştirakçıları sonda Azərbaycanın tarixi, mədəniyyəti, musiqisi, turizm potensialı haqqında geniş məlumatlar əldə etdilər.
   
   Fəxriyyə Abdullayeva