Noyabrın 26-da Beynəlxalq Ticarət Mərkəzinin konfrans zalında Kiçik Hotellərin və Restoranların İnkişafına Kömək İctimai Birliyinin (DAİR) İcra Komitəsinin birinci toplantısı keçirildi. Tədbirdə DAİR-in İcra Komitəsinin sədri Samir Babazadə, Azərbaycan Milli QHT Forumunun rəhbəri Rauf Zeyni, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Xəzər rayonu İş Xidməti Təşkilatının rəhbəri Əhməd Panayev, hotelçilik və restoran biznesinin, təhsil, bankçılıq, inşaat sektorlarının nümayəndələri iştirak edirdilər.
   
   İclası giriş sözü ilə açan S.Babazadə təşkilat haqqında qısa məlumat verdi. Onun sözlərinə görə, Kiçik Hotellərin və Restoranların İnkişafına Kömək İctimai Birliyi 2009-cu ildə yaranıb və dövlət qeydiyyatından keçib: «Bir neçə il bundan öncə Azərbaycan Hotel Kompleksləri Assosiasiyası təsis edilmişdi. Mən də bu qurumun İdarə Heyətində təmsil olunurdum. Hələ o vaxt qərara gəlmişdik ki, qurumun üzərinə daha çox yük düşməməsi üçün kiçik hotellərlə bağlı ayrıca qurum yaradaq. Təəssüflər olsun ki, AOKA-nın prezidenti Ağarəhim Əliyevin vəfatından sonra bu qurum fəaliyyətini dayandırdı. Hazırda biz yeganə qeyri-hökumət təşkilatıyıq ki, hotel və restoran biznesinin maraqlarını, onların mənafelərini qorumaq istiqamətindəyik. Əsas məqsədimiz bu sahənin inkişafına istiqamətlənib».
   S.Babazadənin sözlərinə görə, bir müddət öncə Bakı şəhərində yerləşən hotel və hotel tipli müəssisələrə rəhbərlik etdiyi qurum tərəfindən sorğu anketləri göndərilib: «Bu anketlərin doldurulması nəticəsində otellərin reyestrini tərtib etmək mümkün olacaq. Bununla yanaşı, otellər haqqında məlumatlar DAİR-in veb saytında (www.dair.az) və müxtəlif elektron distribusiya sistemlərində əksini tapacaq. Amma bir sıra hotellər bu sorğuya neqativ və laqeyd yanaşırlar. Biz sadəcə olaraq, bir ictimai qurum kimi onların qəbul edilmiş standartlar çərçivəsində çalışmalarına və inkişafına yardımçı olmaq istəyirik. Düşünürəm ki, turizm Azərbaycanda inkişaf etməkdə olan sahə olduğuna görə hazırda bu yolda hər birimizin xırda tövsiyəyə də ehtiyacımiz var».
   S.Babazadə bunlara baxmayaraq, DAİR-in artıq bir çox yerli hotellər və iştimai-iaşə müəssisələri ilə sıx əməkdaşlıq qurduğunu da nəzərə çatdırdı. Bildirdi ki, yarandığı qısa müddətdə DAİR rəhbərliyi çoxsaylı beynəlxalq və yerli qurumlarla, dövlət və biznes strukturları, donor təşkilatları ilə əlaqələr yaradıb, görüşlər keçirib: “Bunlarla yanaşı, Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əməkdaşları ilə müxtəlif görüşlər keçirmişik. Təbii ki, yeni bir qurumun tanıdılması üçün müəyyən zaman tələb olunur».
   Ölkə rəhbərliyinin məqsədyönlü siyasəti əsasında, Mədəniyyət və Turizm Nazirliyinin səyləri ilə turizmin inkişafı istiqamətində son illər Azərbaycanda xeyli işlər görüldüyünü vurğulayan qurum rəhbərinin sözlərinə görə, gündən-günə sayı artan hotellərin və restoranların peşəkar kadrlara tələbatı artmaqdadır: «Biz bu sahədə də layihələr hazırlamışıq və artıq Azərbaycanda ilk dəfə olaraq hotel və restoran işçiləri üçün treninqlər təşkil etmişik. Bu baxımdan hesab edirəm ki, DAİR-in fəaliyyətinə ehtiyac böyükdür».
   Milli QHT Forumunun rəhbəri Rauf Zeyni DAİR-in Azərbaycanda inkişaf etməkdə olan turizm sənayesinə qeyri-hökumət təşkilatı olaraq böyük töhfələr verə biləcəyini dedi. Onun sözlərinə görə, bu qurumun fəaliyyəti kiçik və orta sahibkarlığın bir hissəsi olan hotel və restoran biznesinin inkişafına xidmət edir ki, bu da dövlətimiz üçün vacib prioritetlərdən biridir.
   Sonra toplantı müzakirələrlə davam etdirildi. Yekunda DAİR-in İcra Komitəsinin üzvləri təsdiqləndi, hotel və restoran biznesinin inkişafına xidmət etmək məqsədilə investisiyalar, təhsil, dizayn və interyer, hüquq və s. istiqamətlər üzrə alt komitələrin yaradılması məsələsi müzakirə edildi. Bununla yanaşı, qurumun hotel və restoran biznesi sahəsində yeganə qeyri-hökumət təşkilatı olduğunu nəzərə alaraq və fəaliyyətini genişləndirmək məqsədilə gələcəkdə Hotellər və Restoranlar Assosiasiyası kimi fəaliyyətini davam etdirməsi qərara alındı.
   
   Fəxriyyə Abdullayeva