Ekspert bu layihəni ölkəmiz üçün də sərfəli sayır
      
   Bu günlərdə Qazaxıstanın turizm və idman nazirinin müavini Kairbek Uskenbayev mətbuata açıqlamasında ölkəsinin Xəzər sahilində istirahət edənlər üçün vahid turist paketi yaratmaq təklifini səsləndirib. 
      
   Qazaxıstan rəsmisi bu paketin İran, Türkmənistan, Rusiya və Azərbaycanla birgə yaradılacağını bildirib. Nazir müavininin sözlərinə görə, Xəzəryanı beş ölkənin sahil boyunca maraqlı turizm imkanları olduğunu nəzərə alan Qazaxıstan təklif edir ki, beş ölkəyə səyahət imkanı verən vahid turist paketi yaradılsın.
   K.Uskenbayev deyib ki, artıq Türkmənistan bu sahədə xeyli iş görüb, bir sıra hotellər inşa edib. «Əgər sərmayəçilərlə razılaşa bilsək, siz yaxın 2-3 il ərzində Xəzər sahillərində yeni iri hotellər görəcəksiz», - deyə o bildirib.
   Sözügedən ideyanın gerçəkləşmək perspektivi nə dərəcədə realdır və bundan Azərbaycan necə yararlana bilər?
   Mövzu ilə bağlı ekspert, Azərbaycan Turizm İnstitutunun Turizm biznesinin təşkili və texnologiyası kafedrasının müdiri Bahadur Bilalova müraciət etdik. B.Bilalov bildirdi ki, turizmdə buna kombinə olunmuş tur deyilir: «Bu zaman xarici turist eyni marşrutla iki və daha çox ölkəyə gələ bilər. Məsələn, İrana gələn turistlər oradan Azərbaycana, buradan isə Türkmənistana gedə bilər və s.».
   Ekspertin sözlərinə görə, hələ 7-8 il öncə Qazaxıstan tərəfi belə bir layihəni gündəmə gətirib ki, Xəzər dənizində bütün sahilyanı ölkələri əhatə edən dəniz səfərləri (kruiz) təşkil edilsin: «Bu da vahid turizm paketinin bir formasıdır. Amma bu elə təklif olaraq qaldı. Bir neçə il sonra məlumat yayıldı ki, Qazaxıstan layihənin reallaşdırılması yönündə müəyyən addımlar atıb. Bu sırada kruiz gəmisinin sifariş edildiyi də deyilirdi. Hesab edirəm ki, bu çox maraqlı ideyadır. Bu istiqamətdə vahid paketin hazırlanıb dünya turistlərinə təqdim edilməsi yaxşı olardı. Məsələn, Aralıq dənizində bu tip kruizlər həyata keçirilir. Xəzər dənizinin imkanları da belə layihələrin reallaşdırılmasına imkan verir. Bunun üçün isə xüsusi gəmilərin - iri laynerlərin alınması lazımdır. Bu, çox böyük effektə malik olan bir turpaket olardı».
   Azərbaycan üçün bu turizm paketinin gətirəcəyi dividentə gəlincə isə B.Bilalov bildirdi ki, bu, ilk növbədə ölkəyə güclü turist axınına səbəb olar: «Paket kruiz formasında olarsa, gəmi ilə Bakıya gələcək turistlər üçün burada maraqlı proqram təşkil etmək olar. Digər tərəfdən isə azərbaycanlı turistlər Xəzər regionunda yerləşən ölkələri gəzmək imkanı qazanacaqlar. Bu paketin yaradılması Xəzəryanı ölkələr üçün həm iqtisadi cəhətdən sərf edəcək, həm də ölkələrin tanıdılmasına, yeni insanların cəlb edilməsinə səbəb olacaq».
   Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov isə bildirir ki, belə bir turizm paketinin yaradılması Azərbaycanın turizm məhsulunun beynəlxalq bazara inteqrasiyasına əlavə töhfə verə bilər. Bu səbəbdən də Azərbaycan tərəfi beş ölkəni əhatə edən vahid turpaketin yaradılmasına razılıq verib və bu istiqamətdə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müvafiq işlər də görülür. O ki qaldı bu paketin hansı formada olmasına, nazirlik rəsmisi bildirdi ki, bu hələ müəyyənləşməyib.    

   Fəxriyyə Abdullayeva