Azərbaycan

 

28 avqust 1918 – Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti xalq maarifinin, orta məktəblərin milliləşdirilməsi, ölkənin bütün məktəblərində türk (Azərbaycan) dilinin icbari qaydada tədris olunması barədə qərar qəbul edib.

28 avqust 1935 – Tanınmış yazıçı, şərqşünas Əlibala Qüdrət oğlu Hacızadə (1935 – 9.10.2009) Biləsuvar rayonunun Ağalıkənd kəndində doğulub. “İtkin gəlin”, “Əfsanəsiz illər”, “Ayrılığın sonu yoxmuş”, “Təyyarə kölgəsi”, “Vəfalım mənim” və s. əsərləri geniş oxucu rəğbəti qazanıb.

28 avqust 1948 – Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi respublikada ədəbiyyat və incəsənət sahəsində olan qüsurların aradan qaldırılması barədə qərar qəbul edib. Qərarda ədəbiyyatda sosialist realizmindən uzaqlaşma cəhdləri tənqid olunurdu.

28 avqust 1968 – Aşıq Xındı Məmməd (Məmməd Gülabı oğlu Qəniyev; 1896–1968) vəfat edib.

28 avqust 1984 – Xalq artisti, tanınmış müğənni Rübabə Xəlil qızı Muradova (22.3.1933 – 1984) vəfat edib. Akademik Opera və Balet Teatrının solisti olub.

 

29 avqust 1890 – Şair, qəzəlxan Məhəmmədəli Şəfai (1890- 1967) Bakının Maştağa kəndində anadan olub.

29 avqust 1929 – Tanınmış rəngkar Fərhad İbrahim oğlu Hacıyev (1929 – 17.12.1987) Şamaxıda doğulub. “Bakı ritmləri”, “Kəpəz” və b. tabloların müəllifidir. Azərbaycanda bərpa rəssamlığının əsasını qoyub, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin rəhbəri (1981-1987) olub.

29 avqust 1965 – Məşhur tarzən, Xalq artisti Qurban Bəxşəli oğlu Pirimov (30.10.1880 – 1965) vəfat edib. 1920-ci ildən Opera və Balet Teatrının solisti olub.

 

30 avqust 1946 –  Xalq artisti, tanınmış radio diktoru Qarasim Əbdülhəsən oğlu Tağızadə (1946-2018) Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olub. Azərbaycan Radiosunun diktorlar şöbəsinə rəhbərlik edib.

30 avqust 2000 – Tanınmış şair, publisist Şahmar Əkbər oğlu Əkbərzadə (28.12.1941 – 2000) vəfat edib. “Mədəniyyət” qəzetinin baş redaktoru (1991-2000) olub.

 

31 avqust 1927 – Şair, dramaturq, Əməkdar incəsənət xadimi İsgəndər Coşqun (İsgəndər Məmməd oğlu Hümmətov; 1927 – 10.12.1996) Göyçayda anadan olub. “Gəmidə söhbət”, “Qığılcımlar”, “Nəğmə dolu ürək” və s. kitabların müəllifidir.

31 avqust 1942 – Şair, nasir, tərcüməçi, maarifçi Rəşid bəy İsmayıl oğlu Əfəndiyev (1863–1942) vəfat edib. Şəkidə doğulub. “Qan ocağı, “Pul dəlisi”, “Diş ağrısı” və s. pyeslərin müəllifidir. Dərsliklər yazıb.

31 avqust 1957 – Əməkdar artist Kübra Məmmədağa qızı Dadaşova (1957 – 12.2.2017) Bakıda anadan olub. Gənc Tamaşaçılar Teatrında çalışıb, filmlərdə (“Yuxu”, “Cavid ömrü” və s.) çəkilib.  

31 avqust 1967 – Cənubi Azərbaycan yazıçısı, ictimai-siyasi xadim Səməd Behrəngi (24.6.1939 – 1967) vəfat edib. Azərbaycan nağıllarını fars dilinə tərcümə edərək nəşr etdirib.

31 avqust 2018 – Şəki şəhərində Xalq şairi, dramaturq, ədəbiyyatşünas, ictimai xadim Bəxtiyar Vahabzadənin Ev-Muzeyinin açılış mərasimi keçirilib.

 

Dünya

 

28 avqust 1749 – Alman şairi, yazıçı-dramaturq Yohann Volfqanq Höte (Johann Wolfgang von Goethe; 1749 – 22.3.1832) anadan olub. Əsərləri: “Faust” mənzum tragediyası, “Vilhelm Meysterin təhsil illəri”, “Gənc Verterin iztirabları” romanları, “İfigeniya”, “Torkvato Tasso” dramları və s.

28 avqust 1867 – İtaliya bəstəkarı Umberto Cordano (Umberto Menotti Maria Giordano; 1867-1948) anadan olub. Operaları: “Andre Şenye”, “Fedora”, “Sibir”, “Madam Sen-Jen” və s.

28 avqust 1925 – Yəhudi əsilli Rusiya yazıçısı Arkadi Natanoviç Struqaski (1925-1991) anadan olub. Qardaşı Boris Struqaski (1933-2012) ilə birgə yazdıqları fantastik əsərlərlə tanınıb: “Tünd-qırmızı buludlar ölkəsi”, “Günorta, XXII əsr” və s.

 

29 avqust 1862 – Belçika yazıçı-dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı (1911) laureatı Moris Meterlink (Maurice Polydore Marie Bernard Maeterlinck; 1862-1949) anadan olub. Əsərləri: “Göy quş”, “Beatris bacı” pyesləri, “Güllərin idrakı”, “Arıların həyatı” fəlsəfi pritçaları və s.

29 avqust 1903 – Məşhur rus aktyoru Andrey Fayt (1903-1976) anadan olub. “Azərbaycanfilm”də lentə alınan “Uzaq sahillərdə” (Mazelli), “Bir qalanın sirri” (Göygöz kosa) filmlərində çəkilib.

29 avqust 1915 – İsveç aktrisası, üç dəfə “Oskar” laureatı İngrid Berqman (Ingrid Bergman; 1915 – 29.8.1982) anadan olub. Filmləri: “Anastasiya”, “Şərq ekspresində qətl”, “Qaz işığı” və s.

29 avqust 1920 – Amerika caz musiqiçisi Çarli Parker (Charlie “Bird” Parker; 1920-1955) anadan olub.

29 avqust 1958 – Dünya şöhrətli amerikalı müğənni Maykl Cekson (Michael Joseph Jackson; 1958–2009) anadan olub. 13 dəfə “Qremmi” mükafatına layiq görülüb. 

 

30 avqust 1748 – Fransız rəssamı Jak Lui David (Jacques-Louis David; 1748-1825) anadan olub. Məşhur rəsmləri: “Maratın ölümü”, “Horasilərin andı”.

30 avqust 1860 – Rus rəssamı İsaak İliç Levitan (1860-1900) anadan olub. Peyzaj ustası kimi tanınıb. Əsərləri: “Ağcaqayın meşəsi”, “Göl” və s.

 

31 avqust 1811 – Fransız yazıçısı Teofil Qotye (Theophile Gautier; 1811-1872) anadan olub. Romanları: “Gənc Fransa”, “Madmazel Mopen” və s.

31 avqust 1897 – Amerika aktyoru, iki dəfə “Oskar” laureatı Frederik Març (Frederick Ernest McIntyre Bickel; 1897–1975) anadan olub.

Hazırladı:  Vüqar ORXAN