Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərinin fəaliyyətinin monitorinqi keçiriləcək. Bu barədə qəzetimizə açıqlamasında Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Tədqiqat işləri, statistika və lisenziyalaşdırma sektorunun müdiri Rəhman Oruclu bildirdi. Onun sözlərinə görə, turizm şirkətlərinin fəaliyyəti bu sahənin inkişafında çox önəmli yer tutur: «Bir çox turizm şirkətləri turizm bazarında öz sözünü artıq deyib. Lakin bununla yanaşı, araşdırmalarımız nəticəsində məlum olub ki, bəzi şirkətlərin fəaliyyəti istehlakçıların tələbinə cavab vermir. Onlar öz işlərində neqativ hallara yol verirlər və vətəndaşlarımıza lazımi səviyyədə xidmət göstərə bilmirlər. Bu şirkətlər haqqında nazirliyə müxtəlif şikayətlər daxil olur. Ötən il bu şikayətlərlə bağlı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müxtəlif tədbirlər görülüb».
   Nazirlik rəsmisi bildirdi ki, turizm şirkətlərinin fəaliyyətinin monitorinqi Azərbaycan Turizm Assosiasiyası və İqtisadi İnkişaf Nazirliyi ilə birlikdə keçiriləcək: «Adlarını çəkdiyim qurumların da nümayəndələrinin iştirakı ilə yaxın günlərdə monitorinq komissiyası yaradılacaq. Komissiya bu şirkətlərin turizm şirkəti fəaliyyəti standartına uyğunluğunu araşdıracaq. Bu zaman şirkətin yerləşdiyi ofisin şəraiti, müasir avadanlıqla təchizatı, əməkdaşların peşə hazırlığının və turistlərə göstərilən xidmətin səviyyəsi kimi amillər nəzərə alınacaq. Eyni zamanda monitorinq aparılan şirkətin fəaliyyət üçün sənədlərinin standartlara uyğun olub-olmaması müəyyənləşdiriləcək. Bu sıraya isə turizm vauçerlərinin təqdim olunması da daxildir. Çünki turizm vauçeri Azərbaycandan xaricə gedən və ölkəmizə gələn turistlərə göstərilən müvafiq xidmətin əks olunduğu sənəddir. Bu sənəd şirkətlə müştəri arasında münasibətləri tənzimləyir».
   Qeyd edək ki, bu günə olan məlumata görə, Azərbaycanda 214 turizm şirkəti lisenziya əsasında fəaliyyət göstərir.
 

   Fəxriyyə Abdullayeva