Adil Adilov: «Ziyarətçilər mədəni turizm marşrutları ilə daha çox maraqlanırdılar»
   
   Xəbər verdiyimiz kimi, Azərbaycanın da təmsil olunduğu 2011-ci ilin ilk turizm sərgisi yanvarın 13-dən 16-dək Vyanada keçirilib. «Ferien-Messe Wien 2011» adlı sərgidə ölkəmizin turizm potensialı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən icarəyə götürülmüş 24 kvadratlıq lövhədə nümayiş etdirilib.
   
   Sərginin iştirakçısı, nazirliyin Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun əməkdaşı Adil Adilovun dediyinə görə, Azərbaycana aid guşədə əksəriyyəti alman və ingilis dilində olmaqla, 20 çeşiddə müxtəlif səpkili reklam və turizm məhsulları nümayiş etdirilib. Materiallar arasında Azərbaycanın turizm imkanları, respublikanın müxtəlif regionları, mədəniyyəti və tarixi ilə yanaşı, Qarabağ və Şuşa haqqında kitablar və bukletlər üstünlük təşkil edib. Guşədə yerləşdirilmiş monitorda Azərbaycanın səfalı guşələrinə həsr olunmuş videoçarxlar nümayiş etdirilib.
   Nazirlik təmsilçisi bildirdi ki, sərgi ziyarətçiləri tərəfindən Azərbaycan lövhəsinə böyük maraq olub: «Ziyarətçilər ölkəmizin tarixi abidələri, təbiəti, səfalı yerləri, mədəniyyəti ilə bağlı bizə suallar verirdilər. Onları Azərbaycanın mədəni turizm marşrutları, o cümlədən də Şərab yolu və İpək yolu marşrutları daha çox maraqlandırırdı».
   «Ferien-Messe Wien 2011» sərgisində Azərbaycanda fəaliyyət göstərən «Geo Travel» turizm şirkəti də iştirak edib. Avstriyanın turizm şirkətləri ilə «Geo Travel» arasında qarşılıqlı əməkdaşlıq haqqında bir sıra sənədlər imzalanıb.
   A.Adilovun sözlərinə görə, yarmarkada dünyanın 70-dən artıq ölkəsindən turizm, səyahət və asudə vaxtın təşkili işi sahəsində fəaliyyət göstərən 820-dən çox şirkət iştirak edib: «Ümumi sahəsi 29 min kvadratmetrdən çox olan ərazidə müxtəlif ölkələrlə yanaşı, Avstriyanın 9 federal əyaləti də öz turizm imkanlarını nümayiş etdirirdi. Mütəmadi olaraq hər il təşkil edilən yarmarkanın əsas məqsədi yerli əhalini həm Avstriyanın, həm də digər ölkələrin turizm potensialı barədə ətraflı məlumatlandırmaq, aktual mövsüm kataloqları əsasında insanlara tətil seçimlərində istiqamət vermək və həmçinin turizm mütəxəssisləri arasında təcrübə mübadiləsi aparmaqdır».
   Qeyd edək ki, Azərbaycan artıq 5-ci dəfədir ki, «Ferien-Messe Wien» sərgisində iştirak edir. A.Adilovun fikrincə, Azərbaycanın dövlət başçısı tərəfindən «Turizm ili» elan edilən 2011-ci ildə ölkəmizin turizm potensialının tanıdılmasında belə beynəlxalq tədbirlərdə iştirak xüsusilə böyük əhəmiyyət kəsb edir.
   
   Fəxriyyə Abdullayeva