“Azərbaycana minnətdarıq ki, Nizami Gəncəvi kimi dahi insanın abidəsi üçün bizim şəhər seçilib”

 

Ukraynanın ikinci böyük şəhəri olan Xarkovda Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin açılış mərasimi keçirilib.

Abidə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsinə dair Prezident İlham Əliyevin sərəncamından irəli gələrək Azərbaycanın Ukraynadakı Səfirliyi, Xarkovdakı Fəxri konsulluğu və Xarkov Şəhər Şurasının birgə dəstəyi ilə ucaldılıb. Bu ilin iyununda bununla bağlı Ukraynadakı səfirliyimiz və Xarkov Şəhər Şurası arasında anlaşma memorandumu imzalanmışdı.

Ukraynada Nizaminin ilk heykəlinin müəllifi həmvətənimiz, Ukraynanın Xalq rəssamı, tanınmış heykəltəraş Katib Məmmədovdur. Abidə şəhərin mərkəzi hissəsində, Feyerbax meydanında qoyulub.

Sentyabrın 15-də keçirilən açılış mərasimində Azərbaycanın mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova və Xarkov Şəhər Şurasının katibi, merin səlahiyyətlərini icra edən İqor Terexov, Xarkov Vilayət Dövlət Administrasiyası sədrinin müavini Yevgeni Qritskov, digər rəsmilər, deputatlar, Azərbaycan diasporunun təmsilçiləri, şəhər sakinləri iştirak ediblər.

Mərasim Ukrayna və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Sonra çıxış edən İqor Terexov bildirib ki, adları dünya tarixinə qızıl hərflərlə yazılmış şəxsiyyətlər arasında dahi mütəfəkkir Nizami Gəncəvi də var. Bu abidənin açılışı təkcə Xarkov şəhəri üçün deyil, həm də Ukrayna üçün əlamətdar bir hadisədir. “Mən Azərbaycana öz minnətdarlığımı bildirirəm ki, Nizami Gəncəvi kimi dahi insanın abidəsi üçün Xarkov şəhərini seçib”, – deyə o əlavə edib.

Dahi şairin abidəsinin Xarkovda ucaldılmasının tarixi hadisə olduğunu deyən Azərbaycanın mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev qeyd edib ki, bu şəhərdə güclü Azərbaycan diasporu fəaliyyət göstərir. Nizami Gəncəvinin heykəlinin ucaldılması soydaşlarımız və şəhər sakinləri üçün əlamətdar hadisədir. “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan ümummilli lider Heydər Əliyev Nizami irsinə də xüsusi diqqət yetirib. Bu gün bu qayğı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir”, – deyə Elnur Əliyev vurğulayıb.

Səfir Elmira Axundova isə çıxışında qeyd edib ki, Xarkov şəhərində dahi şair və mütəfəkkir Nizami Gəncəvinin abidəsinin ucaldılması Azərbaycan ilə Ukrayna arasında etibarlı tərəfdaşlığın bariz nümunəsidir. O, dünyəvi şair olduğu üçün bəzi ölkələrdə abidəsi ucaldılır. Nizami Gəncəvi lirikası yüksək sənətkarlığı, məhəbbətə dünyəvi münasibəti, insan taleyi haqqında humanist düşüncələri onu dünyada sevdirib: “Mən inanıram ki, Nizami Gəncəvinin abidəsi olan park şəhər sakinlərinin və qonaqların sevimli məkanına çevriləcək”.

Tədbirdə daha sonra Milli Məclisin deputatı, Azərbaycan-Ukrayna Parlamentlərarası dostluq qrupunun həmsədri Rüfət Quliyev, Xarkov Vilayət Dövlət Administrasiyası sədrinin müavini Yevgeni Qritskov çıxış edərək iştirakçılara öz təbriklərini çatdırıblar.

Abidənin müəllifi, Ukraynanın Xalq rəssamı Katib Məmmədov göstərdikləri dəstəyə görə Azərbaycanın Ukraynadakı Səfirliyinə, Xarkovdakı Fəxri konsulluğuna və Xarkov Şəhər Şurasının rəhbərliyinə təşəkkürünü bildirib.

Çıxışlardan sonra abidənin üzərindəki örtük götürülüb.

Təntənəli açılış mərasimi ilə əlaqədar Xarkov Vilayət Filarmoniyasının binasında konsert keçirilib.

Konsertdə Azərbaycanın Xalq artisti, professor Yalçın Adıgözəlovun rəhbərliyi ilə Xarkov Simfonik Orkestrinin ifasında Azərbaycan, Ukrayna və Avropa bəstəkarlarının əsərləri səsləndirilib.

Qeyd edək ki, Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin daha bir abidəsi Ukraynanın paytaxtı Kiyevdə ucaldılacaq. Abidə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Taras Şevçenko adına Kiyev Milli Universitetinin Nəbatat bağında qoyulacaq. Bununla bağlı ölkəmizin Ukraynadakı səfiri Elmira Axundova və Kiyev Milli Universitetinin rektoru Vladimir Buqrov tərəfindən bu ilin iyununda müvafiq memorandum imzalanıb. Bu heykəlin də müəllifi Ukraynanın Xalq rəssamı Katib Məmmədovdur. 1987-ci ildən Xarkovda yaşayan soydaşımız təkcə bu şəhərdə 10-dan artıq heykəl kompozisiyasının müəllifidir. Soydaşımız bu yaxınlarda Xarkov şəhərinin “Fəxri vətəndaşı” adına layiq görülüb.

Xatırladaq ki, 2019-cu ildə Kiyev şəhərində Azərbaycanın böyük şairi və mütəfəkkiri İmadəddin Nəsiminin heykəli ucaldılıb. Abidənin müəllifi Ukraynada yaşayan daha bir həmvətənimiz, bu ölkənin Xalq rəssamı Seyfəddin Qurbanovdur.