İki ölkənin qədim şəhərləri Şuşa və Vesprem mədəni əlaqələrin yeni məkanları ola bilər

 

Mədəniyyət naziri Anar Kərimov sentyabrın 16-da Özbəkistanın Xivə şəhərində keçirilən TÜRKSOY Daimi Şurasının iclası çərçivəsində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə də görüşüb. Türk Şurasında müşahidəçi üzv olan Macarıstanın naziri iclasda fəxri qonaq statusunda iştirak edib.

Macarıstan ilə Azərbaycan arasında əməkdaşlığın tarixindən söz açan Anar Kərimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu əlaqələrin inkişafına xüsusi əhəmiyyət verdiyini bildirib. Nazir həmçinin Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan ərazilərində xalqımıza məxsus mədəni irs nümunələrini vandalizmə məruz qoyduğunu, mənimsədiyini, hazırda işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin həyata keçirildiyini deyib.

Nazir Macarıstanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini yüksək qiymətləndirərək, mövcud əməkdaşlığın genişləndirilməsi üçün əlverişli potensialın olduğunu qeyd edib.

Peter Siyarto ölkəsinin Liviyada, İraqda və digər ölkələrdə abidələrin bərpasında iştirakını diqqətə çatdıraraq Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında da bu istiqamətdə fəaliyyətdə maraqlı olduqlarını bildirib.

O, Şuşanın 2023-cü ildə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilməsi ilə bağlı təşəbbüsü alqışlayaraq Macarıstanın qədim Vesprem şəhərinin də 2023-cü ildə “Avropanın Mədəniyyət Paytaxtı” olacağını bildirib. Bu zəmində qarşılıqlı tədbirlərin keçirilməsi barədə fikir mübadiləsi aparılıb.

Söhbət zamanı işğaldan azad olunmuş ərazilərə Azərbaycanın dəvət etdiyi UNESCO missiyası ilə bağlı məsələyə də toxunulub.

Görüşdə həmçinin humanitar sahədə əməkdaşlıq çərçivəsində Macarıstanda Azərbaycan dilinin tədris olunmasından söz açılıb və bununla əlaqədar Azərbaycan tərəfindən müvafiq dəstəyin göstəriləcəyi vurğulanıb, iki ölkənin gəncləri, yaradıcı şəxsləri arasında əlaqələrin genişləndirilməsi, qarşılıqlı səfərlərin təşkili məsələləri müzakirə edilib.