Müsahibimiz tənqidçi, ədəbiyyatşünas, şair, “Körpü” ədəbi-tənqid dərgisinin baş redaktoru, Prezident təqaüdçüsü Əsəd Cahangirdir.
  
  
   - Siz son on ildə ədəbi tənqidin yönünü dəyişmiş bir imza sahibisiniz. Hətta sizi sevməyənlər belə bu fikrə etiraz etmir. Tənqidçi olaraq fəlsəfəniz nədir?
   - Sufizm də, ekzistensializm də demək olar - əsas odur ki, kitabdan öyrənməyəsən, özün kəşf edəsən. Kitablar bu işdə yardımçı rol oynaya bilər. Sokratik dillə desək, ən böyük fəlsəfə ürəyimizdən gələn səslərdir. Mənim fəlsəfəm vicdan fəlsəfəsidir.
   - Yazılarınızda elmi baxışla yanaşı, İslam fəlsəfəsi, düşüncəsi də özünə yer alır.
   - Elmin mahiyyəti dinin hazır ilahi ehkamlar şəklində dediklərini insani təcrübədə təsdiq etməkdir. Dinlə elmin qarşı-qarşıya qoyulması - volteriançılıq on səkkizinci əsr maarifçilərindən qalan və aradan qaldırılması zəruri olan “elmi” xurafatdır. Volterin büstlərini Yekaterina hələ 1789-cu ildə zirzəmilərə atdırmışdı, indi isə 2009-cu ildir.
   - Sizcə, ədəbiyyatımızın son on ilini onun yeni mərhələsi kimi qiymətləndirmək olarmı?
   - Son iyirmi il ədəbiyyatda yeni mərhələyə keçiddir. Çünki yeni mərhələni birmənalı təsdiq edən mətnlər hələ yaranmayıb, buna sadəcə cəhdlər edilib. Yeni mərhələ, olsun ki, bundan sonra yaranacaq.
   - İlqar Fəhmi, Həmid Herisçi, Elçin Hüseynbəyli, Rasim Qaraca, Qəşəm Nəcəfzadə, Mübariz Cəfərli, Məqsəd Nur, Səlim Babullaoğlu, Aqşin... Sizcə, bunlar, diqqətəlayiq mətn yarada bilməyiblər?
   - Mən sizin siyahınıza Yaşarın, Fəxri Uğurlunun, Şərif Ağayarın, Zahir Əzəmətin də adlarını əlavə edərdim. İlqar həm savadlı, həm də istedadlı yazıçıdır, maraqla oxunur. Yaşı və yazı təcrübəsi imkan verir ki, ədəbiyyat məşqlərini bitirib böyük sənət meydanına çıxsın. Amma hələ də özünün fərdi coğrafi koordinatlarından çıxa bilmir. Mən onu Bakı yox, Azərbaycan yazıçısı kimi görmək istərdim. Söhbət ondan getmir ki, onun “Bakı tarixindən kollajlar” adlı kifayət qədər maraqlı romanı var. İlqarın hətta tarixi mövzularda yazdığı romanlarında da bir “bakıçılıq” var - o, bəzən qəzvinli və ya çənlibelli personajlarını da bakılı koloriti ilə danışdırır, onlara yəqin ki, özünün sevdiyi tipik Bakı mətbəxi yeməkləri yedirdir. Amma bu da əsas deyil. İlqar bir nasir kimi böyümək üçün qapalılığı ilə seçilən Bakı-Abşeron monastırından çıxmalı, özünü nəinki mənsub olduğu xalqın, hətta dünyanın yazıçısı kimi hiss eləməlidir, Orxan Pamuk Qars qəsrindən çıxdığı kimi. Onun buna imkanı var.
   Həmid fenomenal zəka və intellektdir. Bundan geri qalmayan istedadı da var.
   Bəs niyə neçə illik fəaliyyəti istənilən nəticəni vermir? Belə çıxır ki, ya Həmid çox irəli gedib, ya da biz çox geridə qalmışıq. Əslində isə İlqar coğrafi koordinatlarından çıxmadığı kimi, “dağıdıcı” Həmid də özünün bioloji kodlarını yarıb çıxa bilmir - onun Trotski heyranlığı, permanent inqilabçılığı, siyasi atavizminin sadə bir səbəbi var - atasının vaxtilə siyasi fəaliyyətlə məşğul olması. O öz-özü ilə danışır, Azərbaycan insanının psixoloji dilini bilmir. Onun Nitşe və ya Sellinsayağı nifrət təlqin edən novellalarına olan neqativ oxucu reaksiyası məntiqidir - təsir əks təsir doğurur. Həmidin daha ciddi problemi isə canlı həyatı qoyub, öncə nəzəri kurallara əsaslanmasıdır. Onun novellaları Hötenin “Faust” əsərində Vaqnerin şüşə içində yaratdığı süni adama - Homunkula bənzəyir. Nəzəri sxolastika onun bədii düşüncəsini sarmaşıq kimi bürüyüb inkişaf etməyə qoymur. Vaxt isə keçir, bu gün sabah “Nekroloq” müəllifinin 50 yaşı olacaq - baramaqurdu yuvasını qurub qurtaracaq, özünə nə qapı, nə də baca qoyacaq. Və Həmid dünya ədəbiyyatı tarixinə özü özünə “Nekroloq” yazan yeganə müəllif kimi düşəcək. Onun baramasından isə başqaları ipək çəkəcəklər (elə indi də çəkirlər).
   Aqşinin istedadı parlaqdır. Amma bu parlaqlığın parıltıya çevrilmək təhlükəsi var.
   Onun bədii təravəti ilə yadda qalan, yeni imzadan xəbər verən “Unutmaq sözünün şəkli” kitabından sonra ikinci kitabı yerində addımlamaq təsiri bağışladı, bayağı freydizmi, yalançı nihilizmi ilə birlikdə o, rəssam olaraq qaldı - nə özünə çatdı, nə də sözünə. Əvəzində antik tarixçilik sevdasına düşdü: “Sizin eradan əvvəl”. Bu qədər yekə adı olan kitab gərək şeirdə yeni bir era açaydı, amma heç müəllifin özünün də yeni qatlarını aça bilmədi. Aqşin otuz yaşına iyirmi yaşlı gənc kimi gəldi. Onun şeirlərində müxtəlif mənbələrdən gələn epiqonçu dalğalar, xüsusən də Həmidin təsiri açıq-aşkar hiss olunur. Böyük sənətə yol isə daxili nurlanmadan başlayır. Bu gün Aqşin özünün Qautamadan Buddaya çevrilmək yaşındadır. Amma daxili devrim və yenidənqurmanın ifadəsi hələ onda görünmür. Onun kürəyini bir ağaca söykəyib, gözlərini yumub düşünməyə ciddi ehtiyacı var. Əvəzində ardıcıl və olduqca uğursuz nəsr cəhdləri eləyir, özü ilə yox, cəmiyyətlə öcəşir. Bunu Buratinonun gözəl sifətinə qətiyyən yaraşmayan yapma burnuna bənzətmək olar.
   - Çox amansızsınız.
   - Ədəbiyyat özü amansızdır.
   - Xüsusən də ədəbiyyat tənqidçiləri. Gəlin yerdə qalan imzalara keçək.
   - Şərif Ağayarda realizm duyğusu, sosial tematikaya, taleyüklü problemlərə meyil var. Amma bu gün sadəcə realizmlə ciddi ədəbiyyat yaratmaq olmaz. “Əhməd haradadır?” filmində Leylanın dediyi kimi, indi on doqquzuncu əsr deyil. Hətta postmodernizm zənn etdiyi “Kərpickəsən kişinin dastanı” hekayəsində də Şərif Mirzə Cəlil, yaxud Əli Vəliyev realizminin hüdudlarını mahiyyətcə aşmır. Nə sərlövhəni Nizamidən götürmək, nə Vaqif, yaxud Rəsul Rzadan sitat çəkmək hələ postmodernizm deyil. Postmodernist gərək özünəqədərki ədəbi, tarixi, dini, mifoloji bilik xəzinəsini sinədəftər eləyib, açarını da qoya cibinə, Umberto Eko, yaxud Orxan Pamuk kimi. Yalnız bundan sonra kimisə “cibinə qoymaq” - dekonstruksiya etmək iddiasına düşə bilər. Şərifin mənəm-mənəmlik iddiası onun mənəvi inkişafı üçün təhlükədir - istedad və təkəbbür bir araya sığmır. Bununla belə, Şərifə inanıram. Onun yeniliklərə açıq və çevik təfəkkürü var. Amma əksər yaşıdları üçün səciyyəvi olan ifratlardan qaça bilir. Ən başlıcası onda insani ağrını mətnə gətirmək qabiliyyətini görürəm. Ağrı isə ədəbiyyatın anasıdır. Dünya ədəbiyyatının ən müdhiş əsərləri - “Don Kixot” da, “Cinayət və cəza” da öz müəlliflərinin ağlasığmaz ağrılarından doğulub. Şərif, əlbəttə ki, nə Servantes, nə də Dostoyevski olan deyil. Ət yeyən quş dimdiyindən bilinir. Şərifin “dimdiyi” qısa və düzdür. Amma əgər intellektual və mənəvi problemlərini həll edə bilsə, Şərif Ağayar ola bilər.
   Yerdə qalanların da vəziyyəti təxminən elə haqqında danışdıqlarımız kimidir. Yaşar neçə illərdir ki, ilk hekayələr kitabı olan “Yeddi hekayə”nin üstündə oturub, ordan nə çıxacaq hələ bilinmir. Elçin Hüseynbəyli son beş-altı ildə bir-birinin ardınca beş-altı uğursuz roman yazıb. Fəxri Uğurlu antik dövr və orta çağdan çıxıb çağdaş tematika və müasir nəsr texnologiyasına gələ bilmir. Mübariz Cəfərli və Məqsəd Nurun modernist eksperimentlər içində itib-batan uğurları qaranlıq gecədə arabir çaxıb keçən şimşəyə oxşayır və sair...
   - Siz ədəbiyyatın müxtəlif sahələrində uğur qazana bilərsiniz. Niyə məhz ədəbi tənqidi seçmisiniz?
   - Mən tənqidi yox, tənqid məni seçib. Ümumən, ağlım kəsəndən özümü manej atı kimi hiss edirəm - müəyyən çevrədə fırlanmaq zorundayam və ordan çıxmaq mümkün deyil. Amma bunu əsarət yox, sevdiyin birisinin iradəsini yerinə yetirmək zövqü sayıram. Və burda ən maraqlısı bıkdırıcı dünyada uğraşdığım gözlənilməzliklərdir. Odur ki, günü sabah tamam başqa janrda yaza bilərəm.
   - Bu gözlənilməzliklərdən biri də 40 yaşında birdən-birə poemalar yazmağınız oldu - “O adam”, “Namaz”. İkinci poemanız Beynəlxalq Rumi poeziya yarışmasında birincilik qazanıb.
   - Bunların - birincinin yaranmasına Çingiz Əlioğlu, ikinciyə isə Əlizadə Nuri səbəb olub. Amma daha dərin səbəb, əslində, görünmür. Özəlliklə, “Namaz”ı, sadəcə, bədii mətn yox, alın yazım sayıram.
   - Ötən ildən başladığınız pedaqoji fəaliyyəti də alın yazınız saymaq olar?
   - Heç gözləmədiyim halda Azərbaycan Dillər Universitetinin xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri Svetlana xanım Cəbrayılovadan təklif aldım və bu təklifi qəbul etməyimə peşman deyiləm.
   - Müəllim üçün ən vacib keyfiyyət nədir?
   - İlk növbədə bilgi və onu ötürmək qabiliyyəti. Amma ən vacibi ürəkdir - gərək tələbələrini mənəvi övlad kimi sevəsən. Ürəyində bu sevgisi olmayanlar auditoriyaya girməsə yaxşıdır.
   - Sizcə, müasir ədəbiyyatı tənqidə etibar etmək olarmı?
   - Bizdə bir yığın tənqidçikimilər və üç-dörd tənqidçi var - Vaqif Yusifli, Tehran Əlişanoğlu, Cavanşir Yusifli... Vaqif müəllim obyektivliyi ilə Tehrana, məhsuldarlığı ilə Cavanşirə örnək ola bilər. Tehran ədəbi prosesi diqqətlə izləyir. Cavanşir milli ədəbiyyata çağdaş dünya filoloji prosesi rakursundan baxması ilə maraqlıdır. Etibar etmək məsələsinə gəlincə, vay o ədəbiyyatın halına ki, onu yazıçının istedadı yox, tənqidin direktivləri yaradır. Ədəbiyyatı tənqidə etibar eləmək Platonun utopik dövlətində olduğu kimi ideal bir faşizm demək olardı. Biz bu faşizmin astar üzü olan sovetizmi birbaşa yaşamış adamlarıq. Tənqidçi çoban, ədəbiyyat sürü deyil.
   - Bəs, sizcə, onda tənqidin funksiyası nədir?
   - Yazıçıya özünüdərk, oxucuya isə seçim işində kömək.
   - Siz respublika prezidentinin fərmanı ilə təqaüd alan cavan yazarlardan birisiniz. Sizcə, dövlət qayğısı bədii yaradıcılığa nə dərəcədə stimul verir?
   - Məncə, bu dövlətin ədəbiyyata - yazıçıya dəstəyidir. Sovet dönəmindən fərqli olaraq, bunun siyasi-ideoloji tərəfi yoxdur. Bugünkü qlobal dünyada Azərbaycan ədəbiyyatının dünya ədəbi prosesinə inteqrasiyası problemi var və dövlətin bu işdə dəstəyi vacibdir.
  
   Söhbəti qələmə aldı: Sabutay