Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin əbədiyaşar yaradıcılıq irsinə sevgi və ehtiramın nümayişi olan Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının konsertləri aylardır pandemiya girdabında qalmış mədəni həyatımıza yeni hava gətirdi, ruhumuzu dinləndirən melodiyalara qol- qanad verdi. Zövqlü tərtib olunmuş festivalın sentyabrın 20-də Azərbaycan Dövlət Akademik Filarmoniyası səhnəsindəki növbəti konserti də baxılmağa, haqqında danışılmağa dəyərdi. Bu axşam, dəfələrlə dinləyib zövq aldığımız nümunələrlə yanaşı, bizim üçün yeni (canlı dinləmədə) olan əsərləri də ilk dəfə dinləyib alqışladıq.

Dirijor peşəkarlığı ilə bərabər emosional jest və musiqi izharı ilə seçilən Xalq artisti Fəxrəddin Kərimovun idarə etdiyi Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında səslənən əsərlər tamaşaçıları yenidən musiqinin əzəməti, unikallığı ilə tanış etdi.

Konsertdən öncə tamaşaçılar qarşısına çıxan musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Jalə Qulamova musiqi bayramı münasibətilə sənətsevərləri təbrik etdi, belə tədbirlərin yaradıcı dialoqun təminatı və dünya musiqisinə inteqrasiyası baxımından önəmini vurğuladı. Azərbaycan milli musiqisini dünya klassik musiqisi səviyyəsinə qaldıran Üzeyir Hacıbəylinin yaradıcılığı, ölməz əsərləri barədə danışan sənətşünas tamaşaçılara konsert proqramına daxil edilən əsərlər, onların müəllifləri və işlənmə formaları haqqında maraqlı məlumat verdi.

Proqram Üzeyir bəyin sənət incilərindən biri – könlümüzdə öz yerini hər zaman qoruyub saxlayan və bəstəkar dühası ilə xalq musiqisinin qırılmaz zəncirini yaradan “Arazbarı” ilə başladı.

Ardınca Antonio Salyerinin “Venesiya simfoniyası”nı (“Simfonia Veneziana”) dinlədik. Əsər yerli musiqi kollektivinin ifasında Bakıda ilk dəfə səslənirdi. Parlaq, çılğın italyan üslubundakı üçhissəli simfoniya xoş ovqat yaratdı.

Ümumən bu konsert proqramında yer alan xarici ölkə bəstəkarlarının əsərlərinin əksəriyyətinin Bakıda ilk ifası idi. Bu sıradan növbəti əsər – Frans Şubertin violin və simli alətli orkestrlər üçün “Rondo”su səsləndirildi. Bəstəkarın 19 yaşında yazdığı əsər zəngin tonallığı və təsir emosionallığı ilə seçilir. Əməkdar incəsənət xadimi Ceyhun Allahverdiyevin redaktəsində kollektivin peşəkar ifası əsərin ideya yükünü olduğu kimi təqdim etməyə imkan verdi. Solist, beynəlxalq müsabiqələr laureatı Ümidə Abbasovanın (violin) əsərdən irəli gələn ahəngdarlığı ifa maneraları ilə canlı təqdimatı baxımlı idi. İstedadlı musiqiçinin solistliyi ilə Arnold Şönberqin “Noktürn”ü də xoş ovqat doğurdu.

Dünya klassik nümunələri ardınca 60-cı illər milli musiqi irsimizi dünya klassikası ilə sintezdə təqdim edən yaradıcı nəsil nümayəndələrindən Aqşin Əlizadənin “Cəngi”sini dinlədik. Milli musiqi ənənələrinə əsaslanan bəstəkarın bu əsəri sayəsində biz şux, oynaq, döyüş ruhlu əsərlə ruhumuzu yenidən zəfər notuna köklədik.

Pyotr Çaykovskinin 4 nömrəli “Noktürn”ünü violonçel və simli alətlər orkestri üçün işlənmiş variantda Əməkdar artist Aleksey Miltıxın (violonçel) solistliyi ilə dinlədik. N.Paqanininin “Moisey Misirdə” operasının motivləri əsasında variasiyaları da alqışladıq.

J.Turinanın “Buğa döyüşçüsünün duası” kimi tərcümə olunan (“La Oracion del torero”) və ispan ruhunun, buğa döyüşçüsünün hiss və həyəcanlarının geniş ifadə olunduğu əsər də dinləyicini həyəcanlandıra bildi.

Riqqətlənən duyğulara Maks Bruxun İsveç xalq melodiyaları əsasında yazdığı “Serenada”sı sığal çəkdi.

Konsertin son əsəri isə ölməz Fikrət Əmirov yaradıcılığının mükəmməl nümunələrindən biri – “Nizami” simfoniyasının finalı oldu. Beləcə, Üzeyir festivalında “Nizami ili”nin də ruhunu hiss etdik. Dahi mütəfəkkirin böyük bəstəkarın yaradıcılığına təsirinin nəticəsi olan bu əzəmətli əsərin sədaları altında həm ümumiləşmiş Nizami obrazı, həm də xalqımızın ölməz bədii və musiqili varlığı özünün növbəti təntənəsini yaşadı...

Həmidə NİZAMİQIZI