Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov oktyabrın 14-də Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM-ın Baş katibi Altay Əfəndiyevlə görüşüb.

Görüş zamanı regional təşkilat olan GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) çərçivəsində əməkdaşlığın əsas istiqamətləri və perspektivləri barədə müzakirələr aparılıb.  

Təşkilatın əhatə coğrafiyasına görə geostrateji önəmini qeyd edən Anar Kərimov GUAM-ın dayanıqlı sülhün və regional əməkdaşlığın inkişafı üçün, eləcə də Şərq və Qərb arasında bağlılıq, kommunikasiya baxımından əhəmiyyətli platforma olduğunu deyib.

Nazir təşkilatın həmçinin mədəniyyət dəhlizi rolunu oynadığını, Azərbaycanın tarixi İpək Yolu üzərində yerləşən ölkələrlə əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıb. Quruma üzv ölkələr arasında əməkdaşlığın layihəyönümlü fəaliyyət istiqamətini gücləndirməklə daha da inkişaf edəcəyini deyən Anar Kərimov Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən irəli sürülən “Mədəniyyət naminə sülh” (Peace for culture) beynəlxalq platforması haqqında da məlumat verib, layihənin əhəmiyyətini və birgə fəaliyyətin vacibliyini vurğulayıb.

Qəbula görə təşəkkürünü bildirən Altay Əfəndiyev GUAM Katibliyinin üzv dövlətlərlə qarşılıqlı əlaqələrin dərinləşdirilməsi üçün hər zaman dəstək göstərdiyini deyib. Təşkilata üzv ölkələrin ümumi maraqları çərçivəsində daha aktiv əməkdaşlığın vacibliyi qeyd olunub.